...

Ekspert: ABŞ-ın dövlət katibinin son bəyanatı sülh prosesini geriyə çəkir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2016 15:54 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli prosesində son zamanlar müşahidə olunan durğunluq təəssüf doğurur.
Ekspert: ABŞ-ın dövlət katibinin  son bəyanatı sülh prosesini geriyə çəkir

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli prosesində son zamanlar müşahidə olunan durğunluq təəssüf doğurur.

Bunu Trend-ə müsahibəsində "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, prezidentlerin son görüşü bu ilin iyununda Sankt-Peterburqda keçirilib və bununla da proses sanki dayandırılıb, passiv fazaya keçirilib.

Baş redaktor deyib ki, Ermənistanın hazırda davam edən separatçı və ekstremist əməlləri, xüsusilə, "İsgəndər" kompleksi ilə silahlanması, eləcə də Azərbaycanın işğal altında olan Ağdam rayonu ərazisində keçirdiyi son hərbi təlimlər nədənsə sükutla qarşılanır, həmsədr ölkələrin sadəcə müşahidəçi mövqeyində olması isə danışıqların perspektivliliyini şübhə altına alır: "Ən azı, "bu il hansısa konkret nəticə ola bilərmi" kimi suallar cavabsız qalır".

S.Mikayılova əlavə edib ki, ABŞ-ın dövlət katibi Con Kerrinin son məlum bəyanatı sülh prosesini geriyə çəkir, gözləmə mövqeyini daha da gücləndirir: "Bu etinasızlıq bu ilin yayında Azərbaycan tərəfində yaranmış ümidləri heçə endirir və "ya sülh, ya hərb" dilemmasını yenidən gündəmə gətirir. Aprel döyüşlərindən sonra danışıqlar prosesində müşahidə olunan canlanma münaqişənin həllində maraqlı olan Azərbaycan tərəfi üçün böyük ümidlər yaratmışdı, amma hazırkı durğunluq bu gözləntiləri alt-üst edir".

Ekspert qeyd edib ki, Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin mətbuata açıqlamasında ayın sonunda rusiyalı və fransalı həmkarları ilə regiona növbəti səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün keçirilməsinə razılıq verəcəklərinə ümid etdiyini bildirməsi də, əlbəttə, sülh danışıqlarının Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hazırkı nöqtədən tərpənə bilməməsi anlamına gəlir.

Baş redaktor bildirib ki, 20 ildən artıq bir müddətdə yalnız görüşlər və danışıqlar formasında davam edən sülh prosesi əslində heç bir real və effektiv nəticə ilə yadda qalmayıb. Sadəcə hər dəfə Ermənistanın öz təcavüzkar və separtçı mövqeyində daha möhkəm dayandığını bariz şəkildə nümayiş etdirib: "Belə olan halda münaqişənin sülh yolu ilə həllinin hansısa nəticələrə gətirib çıxara biləcəyi haqlı şübhələr yaradır, bu isə özlüyundə müharibə ritorikasını artırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti