...

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən itki verdiyini gizlədir (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 13:24 (UTC +04:00)
Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən itki verdiyini gizlədir (YENİLƏNİB)

Bakı. Səba Ağayeva - Trend:

Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycanın ABŞ istehsallı silahdan istifadə etməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, ermənilərin bu məlumatı həqiqətə uyğun deyil.

V.Dərgahlı qeyd edib ki, ermənilərin son təxribatı dinc sakinlərə qarşı yönəlib: "Azərbaycan Silahlı Qüvvələri düşmənə dərhal cavab verib. Düşmən itki verib, lakin bunu gizlədir".

Nazirlik rəsmisi deyib ki, hazırda qoşunların qarşıdurma xəttində vəziyyət nəzarət altındadır:

"Azərbaycan Silahlı Qüvvələri bütün zəruri tədbirləri görür".

O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, eləcə də Azərbaycanın yaşayış məntəqələrini davamlı şəkildə atəşə tutur:

"Beynəlxalq təşkilatlar artıq ermənilərin son təxribatı barədə məlumatlandırılıb. Ermənistan cəzasız qalmayacaq".

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti