...

Pakistanın hərbi attaşesi: Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyul 2017 15:46 (UTC +04:00)
Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar.
Pakistanın hərbi attaşesi: Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır

Füzuli, Alxanlı. Samir Əli - Trend:

Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar.

Trend-in məlumatına görə, bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Seyid İmran Əli erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin həlak olmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var – münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır:

"Pakistan bu prinsiplərə sadiqdir və Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini nümayiş etdirir".

Qeyd edək ki, bu gün hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində erməni silahlılarının yaraladığı Sərvinaz Quliyevaya baş çəkdikdən sonra erməni təxribatı nəticəsində həlak olmuş Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, onların ailə üzvləri və kənd sakinləri ilə görüşüblər.

Daha sonra səfər iştirakçıları Alxanlı kəndində hadisənin baş verdiyi əraziyə baxış keçiriblər.

Səfərdə “TRT”, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, “RİA Novosti”, Amerikanın Səsi, “İnterfax”, “BBC” və digər xarici KİV nümayəndələri, habelə 12 dövlətin 15 hərbi attaşesi və nümayəndəsi iştirak edir. Bu sırada ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatı da var.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti