...

Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan sülh laylası (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2018 08:36 (UTC +04:00)
26 fevral 2018-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib
Vaşinqtonda Xocalı qurbanlarına həsr olunan sülh laylası (FOTO)

Bakı. Trend:

26 fevral 2018-ci il tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı qətliamının 26-cı ildönümünə həsr olunmuş anım konserti keçirilib. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyinin dəstəyi ilə Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurası tərəfindən təşkil edilən bu tədbir Azərbaycanın tolerantlıq ənənələrinə sadiqliyinin göstəricisi kimi Vaşinqtonun tanınmış və tarixi ibadət məkanlarından biri olan “Western Presbyterian” kilsəsində keçirilib. Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.

Azərbaycanın ABŞ-daki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə açılış edən Amerika Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının (AAFSW) proqram rəhbəri Şila Svitzer “Sülh laylası” layihəsi barədə məlumat vermiş və onun dərin emosional təsirlərindən söz açmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylası” konserti Azərbaycan şairi Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına layla” adlı şer əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Culian Beird, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanan musiqili əsərin təqdimatına həsr edilib.

Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək iştirakçılara Ermənistanın Azərbaycana təcavüzünün acı xatirələrindən biri kimi Xocalı qətliamı barədə məlumat verdi və münaqişənin yalnız iki dövlət arasında deyil, həmçinin əhali səviyyəsində dərin izlər buraxdığını qeyd etdi. Səfir bu xüsusda tədbirin xüsusi qonağı kimi Xocalı hadisələrinin canlı şahidi, Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalanı təqdim etdi və onun İkinci Dünya Müharibəsində 33 yaşında nasistlərin ölüm düşərgəsində sağ qalan atası Savalanın 50 il sonra 83 yaşında məhz Xocalıda qətlə yetirilməsi faktını misal gətirərək bu faciənin dünya ictimaiyyəti üçün nə qədər simvolik məna kəsb etdiyinə diqqət yönəltdi.

Səfir əlavə etdi ki, Azərbaycan ərazilərinin işğalı faktı və onun əhalisinə qarşı törədilən Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin bərpasının dərhal ardınca baş verməsi onu göstərir ki, bu əməllər xüsusi məqsədlə törədilmiş və məhz xalqımızın müstəqillik ruhunu boğmağa hədəflənib. E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək Azərbaycan tərəfinin erməni xalqına deyil, məhz onun işğalçı və təcavüzkar siyasət yürüdən siyasi rəhbərliyinə qarşı olduğunu vurğuladı və gələcəkdə ölkəmizin Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirdi.

Daha sonra konsert proqramı çərçivəsində tanınmış bəstəkarların musiqi parçaları, o cümlədən “Gecə himni” (Herni Pörsel), “Sakit ibadət” (Haskell Smol), “Für Alina” (Arvo Pərt), “Müqəddəs gecənin himni” (Corc Kramb), “Aprel ayı” (Fərnsis Polənk) kimi əsərlər səsləndirilib.

“Sülh laylası” şerinin müəllifi Yusif Savalan Xocalı hadisələri barədə öz xatirələrini bölüşdü və yazdığı şeri ana dilində səsləndirdi. Yusif Savalan Azərbaycan əhalisinin qisas deyil, ədalət, müharibə deyil, birgə yaşayış tələb etdiyini vurğuladı və bütün yaşadıqlarına rəğmən sülhə və öz doğma yurdunda yaşamaq ümidimi itirmədiyini söylədi.

Tədbir çərçivəsində həmçinin Xocalı soyqırımına həsr olunmuş sərgi guşəsi də təşkil edilmiş və guşədə iştirakçılara Azərbaycanlı uşaqların çəkdikləri rəsm əsərləri nümayiş olunmuşdur. Tədbirin keçirilməsində həmçinin Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının ölkəmiz üzrə tərəfdaşları Azərbaycan Dillər Universiteti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti