...

Aİ: Qaçqın probleminin Azərbaycandakı kimi dövlət tərəfindən həll olunması dünyada çox az nümunələrdəndir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2018 18:57 (UTC +04:00)
Azərbaycanda olduğu kimi qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunması məsələsi dünyada çox az nümunələrdəndir.
Aİ: Qaçqın probleminin Azərbaycandakı kimi dövlət tərəfindən həll olunması dünyada çox az nümunələrdəndir

Bakı. Trend:

Qaçqın və məcburi köçkün probleminin Azərbaycanda olduğu kimi dövlət tərəfindən həll olunması məsələsi dünyada çox az nümunələrdəndir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas komitə sədri Rövşən Rzayevlə görüşdə deyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri, Aİ-nin bu məsələlərdə ədalətli mövqe tutmasının vacibliyi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin düşən soydaşlarımızın problemləri barədə danışılıb. Qeyd olunub ki, münaqişənin həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün öz torpaqlarına qayıtmalıdır. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkün probleminin həlli istiqamətində mühüm addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva bu problemlərin həllinə xüsusi diqqət yetirir. Çətin vəziyyətdə, qəzalı binalarda yaşayan məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.

Xatırladılıb ki, respublikanın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər öz doğma yurdlarına qayıtmağı arzulayırlar.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə bərpa olunması vaxtilə buradan didərgin düşmüş ailələrin sevincinə səbəb olub. Hazırda kənd sakinlərinin kəndə qayıdışı davam edir. Bərpa və yenidənqurma işləri, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Azərbaycanın işğaldan azad ediləcək bütün ərazilərində aparılacaq.

K.Yankauskas mövcud olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini ifadə edib. Səfir Azərbaycan və Aİ arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini bundan sonra da əsirgəməyəcəyini deyib.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti