...

İcra başçısı Cocuq Mərcanlıda son vəziyyəti açıqladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2019 19:58 (UTC +04:00)
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 90-dən çox ailə köçürülüb.
İcra başçısı Cocuq Mərcanlıda son vəziyyəti açıqladı

Bakı. Elçin Mehdiyev - Trend:

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində ikinci mərhələdə tikilən evlərə artıq 90-dən çox ailə köçürülüb.

Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, köçürülmə prosesi davam edir və yaxın vaxtlarda bu proses başa çatdırılacaq.

İcra başçısı vurğulayıb ki, kənddə bütün sosial obyektlər, o cümlədən poçt, səhiyyə, təhsil müəssisələri tam gücü ilə əhaliyə xidmət göstərir.

K.Həsənov onu da qeyd edib ki, İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində kənddə istixana və arıçılıq təsərrüfatları yaradılıb.

Onun sözlərinə görə, Cocuq Mərcanlıda suvenir müəssisəsi tikilir və mart ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən ilin dekabr ayında Cocuq Mərcanlıda istirahət parkı da əhalinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti