...

Allahşükür Paşazadə: Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2019 10:50 (UTC +04:00)
Azərbaycanda miili və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib
Allahşükür Paşazadə: Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

20 faiz torpağı erməni ekstremistləri tərəfindən işgal olunmuş, bir milyondan artıq soydaşı qaçqın-məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib: "Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Bu, bizim qürur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir. Ölkəmiz artıq mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, o cümlədən, Dini Liderlərin Ümumdünya Sammitinin keçirildiyi ənənəvi məkana çevrilib".

A.Paşazadə hazırda dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi halların gündəmdə olmasına da təəssüfləndiyini söyləyib: "Bu gün bütün dünyada sülhün qorunmasında, habelə terrorizm, islamofobiya, antisemitizm, ekstremizm və radikalizm kimi halların aradan qaldırılmasında dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığı vacibdir. Konfessiyalararası anlaşma, dinlərarası dialoq, müxtəlif din xadimlərinin əməkdaşlığı - milyonlarla insan üçün ən gözəl örnəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti