...

BORİS ÇİLEVİÇ: "BEYNƏLXALQ DONOR TƏŞKİLATLARININ DİQQƏTİNİ AZƏRBAYCAN QAÇQINLARINA YÖNƏLTMƏK LAZIMDIR"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2005 16:46 (UTC +04:00)

"Beynəlxalq donor təşkilatlarının diqqətini Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəltmək lazımdır. Bu məqsədlə donor təşkilatları ilə Azərbaycan hökumətinin fəaliyyətinin uzlaşdırılması ən vacib məsəsəllərdən biridir.

Biz Avropa Şurasına üzv olan ölkələrin donor təşkilatlarının bu məsələləri öz proqramlarına daxil etməsinə çalışmalıyıq" Trend agentliyi xəbər verir ki, bu ifadələri AŞPA-nın Azərbaycan, Ermənistan və Gürcüstandakı qaçqın və məcburi köçkünlərinin vəziyyətinə dair məruzəçisi Latviyadan olan deputat Boris Çileviç iyulun 2-də Azərbaycanın AŞPA-kı Parlament nümayəndə heyətinin üzvləri ilə görüşündə səsləndirmişdir.

Görüşdə həmçinin AŞPA-nın qaçqınlar üzrə alt komitəsinin sədri İsveçrəli deputat Rut-Qabi Vermot-Monqolt və komitənin üzvü Rozmari Zafpl-Helblinq, eləcə də alt komitə katibliyinin üzvləri iştirak edirdilər.

Ötən gün Azərbaycanın qaçqın və məcburi köçkünlərinin yaşadığı çadır şəhərciyinə səfər etklərini xatırladan alt komitənin sədri xanım Vermot-Monqolt vaqonlarda yaşayan azərbaycanlı qaçqınların şəraitinin dözülməz olduğunu bildirmişdir.

O bununla belə qaçqın və məcburi köçkünlər üçün Azərbaycan hökumətinin vəsaiti hesabına tikilmiş yeni qəsəbələrin təqdirəlayiq hal olduğunu və vətəndəşlarda gələcəyə ümid hissləri yaratdığını bildirmişdir.

Qaçqın və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən böyük həcmdə vəsaitin ayrıldığını deyən AŞPA- dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu məqsədlə Dövlət Neft Fondunun vəsaitələrindən istifadə edildiyini bildirmişdir.

"Ən əsas məsələ ondan ibarətdir ki, AŞPA-nın Qaçqınlar və məcburi köçkünlər üzrə alt komitəsinin Bakıda keçiriləcək iclasında Azərbaycan qaçqınlarının vəziyyəti düzgün qiymətləndirilməli və birgə həll yolu axtarılmalıdır. İclasda hazırlanacaq məruzə Azərbaycan qaçqınlarının vəziyyətinin yüngülləşdirilməsinə yönəldilməlidir", -deyə S.Seyidov vurğulayıb.

O, həmçinin bu problemin həllinin tapılmasınadək beynəlxalq humanitar təşkilatların öz yardımlarını Azərbaycana davam etdirməsinin vacibliyini bildirmişdir. "Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsinin sulh yolu ilə həllində maraqlıdır, məsələnin həlli isə Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə həll oluna bilər. Bu məsələ öz həllini nə qədər tez tapsa, tərəflər üçün bir o qədər yaxşıdır", - deyə S.Seyidov vurğulayıb.

Xanım Vermot-Manqoltun rəhbərlik etdiyi nümayəndə heyyətini Milli Məclis sədri Murtuz Ələsgərov da qəbul etmişdir.

Xəbər lenti

Xəbər lenti