...

GÜLTƏKİN HACIYEVA: "BEYNƏLXALQ BÖHRAN QRUPUNUN SƏNƏDİ AZƏRBAYCANA QARŞI QƏRƏZLİ SİFARİŞDƏN XƏBƏR VERİR"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2005 20:55 (UTC +04:00)

Beynəlxalq Böhran Qrupunun təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Dağlıq Qarabağ münaqişəsi, onun həlli yolları, perspektivləri mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransda iştirak edən millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bu barədə Trend ə müsahibə verib.
- Beynəlxalq Böhran Qrupunun təşkilatçılığı ilə Tiflisdə keçirilən konfransda Azərbaycan və Ermənistandan ekspert qismində nümayəndələr iştirak edirdilər. Bu nümayəndələr heç bir dövlət qurumun təmsil etmirdilər və konfransa fərdi şəkildə qatılmışdılar.

Bu toplantı Qarabağ münaqişəsinə həsr olunmuşdu və müzakirələrin predmeti məxfi saxlanırılr. Toplantıdan əvvəl razılaşdırıldı ki, sənəddə toxunulan məsələlər prinsipial xarakter daşıdığından tam hazır olanadək ictimaiyyətə açıqlanmasın.

Konfransda Dağlıq Qarabağla bağlı ortaya qoyulan rəy, yəni müzakirəsi gedən sənəd təəssüf ki, Azərbaycanın mənafeyinə zidd idi. Ona görə də mən bu sənədə öz qəti etirazımı bildirdim.

Həmçinin Azərbaycanı təmsil edən nümayəndələr də sənədlə bağlı mənfi mövqelərini bildirdilər. Ümumi şəkildə onu deyə bilərəm ki, Azərbaycanın maraqlarına zidd, ermənilərin maraqlarına xidmət edən, mahiyyəti və hazırlanması xeyli şübhələr doğuran bir sənəddir.
- Sənədin bu formada hazırlanmasının səbəbi Azərbaycan nümayəndələrinin azlıqda qalması ilə bağlıdır?
- Xeyr, mən deməzdim ki, Azərbaycan nümayəndələri azlıqda qalıblar. Elə şübhə doğuran məqam da odur ki, niyə bu sənəddə məhz ermənilərin maraqları önə çəkilir. Mənim Beynəlxalq Böhran Qrupunun hazırlayacağı bu sənədlə bağlı əvvəldən də şübhələrim var idi.

Təəssüf ki, bu ehtimallarım özünü doğrultdu. Amma çox yaxşı oldu ki, bu konfransda iştirak etdim və imkanlarımdan istifadə edərək öz qəti etirazlarımı bildirdim. Səbəblərə gəldikdə, mənim fikrimcə, sənədin bu formada hazırlanması sifarişdən xəbər verir. Azərbaycana dost olmayan qüvvələrin, çox güman ki, elə ermənilərin və onların havadarlarının təsiri, sifarişi ilə belə qeyri-obyektiv yanaşma ortaya qoyulub.

Çünki şübhələri artıran məqamlardan biri də odur ki, müzakirələr zamanı ermənilər və sənədi hazırlayanlar tərəfindən münaqişə ilə bağlı tamamilə yeni fikir və təkliflər ortaya atılırdı. Mən burada daha çox Azərbaycanın əleyhinə qərəzli sifarişin izlərini görürəm.
- Azərbaycanın maraqlarının nəzərə alınması, obyektiv şəklə salınması üçün hansı tədbirlər görüləcək,
- Əlbəttə ki, Azərbaycan nümayəndələri beynəlxalq qurumun təqdim edəcəyi sənəddə qeyri-obyektiv yanaşa ilə razılaşa bilməz. Sənədin müzakirəsi üçün növbəti dəfə konfrans keçirilməsi gözlənilmir. Lakin biz həmin qrupa öz fikir və təkliflərimizi təqdim edəcəyik, sonadək mövqeyimizi müdafiə edəcəyik. Sənədin Azərbaycanın milli maraqlarına uyğun şəkildə qəbul olunması üçün mümkün olan imkanlarımızdan yararlanmaq niyyətindəyik.
- Sənədin nə vaxt qəbul olunması gözlənilir?
- Hazırda sənədin hazırlanması mərhələsidir. Sentyabr, oktyabr aylarında sənəd qəbul olunacaq. Onu qeyd edim ki, Beynəlxalq Böhran Qrupu nüfuzlu beynəlxalq təşkilatdlır və onun mövqeyi, təklifləri dünya dövlətlərində ciddi qarşılanır, beynəlxalq qurumlarda, dövlətlərin xarici siyasət idarələrində bu qurumun təhlillərinə böyük əhəmiyyət verilir. Ona görə də Avropa dövlətlərində, beynəlxalq qurumlarda Azərbaycan haqqında ictimai fikrin formalaşmasında rol oynaya bilər.

Məhz buna görə də biz Beynəlxalq Böhran Qrupunun rəyinin Azərbaycanın maraqlarına uyğun şəklə salınmasına çalışacağıq. Əgər Beynəlxalq Böhran Qrupunun təhlil xarakterli sənədi Azərbaycanın maraqlarına zidd şəkildə qəbul edilərsə, bu, qurumun nüfuzuna mənfi təsir göstərəcək, ən azından Azərbaycanda ciddi etirazla qarşılanacaq.

Xəbər lenti

Xəbər lenti