...

AĞDAMIN İŞĞALINDAN 12 İL ÖTÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2005 14:08 (UTC +04:00)

İyulun 23-də Ağdamın təzavüzkar Ermənistan qoşunları tərəfindən işğalının 12-ci ili tamam olub. Trend xəbər verir ki, işğalın ildönümü ilə əlaqədar iyulun 23-də Şəhidlər Xiyabanı ziyarət edilib və anım toplantısı olub.

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, döyüşçülər, müharidə əlilləri, Ağdamın icra başçısı, məcburi köçkünlər, ictimaiyyətin, siyasi partiyaların nümayəndələri Şəhidlər Xiyabanına gələrək şəhidlərin xatirəsini yad edib, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan əsgərlərimizin məzarlarına gül-çiçək dəstələri qoyublar.

Ziyarətdən sonra QAT sədri Akif Nağı çıxış edərək torpaqlarımızın işğaldan azad olunması üçün döyüşkənlik, müharibə əhval-ruhiyyəsinin yaradılmasının, səfərbərliyin vacibliyini vurğulayıb. O bildirib ki, Qarabağ məsələsi ilə bağlı Azərbaycan ictimaiyyətində həyəcan təbili çalınmalı, ölkədə mütəmadi olaraq Qarabağ aksiyaları keçirilməli, Ermənistan-Azərbaycan rəhbərliyi arasında hansısa sənədin imzalanacağı barədə məlumatlara aydınlıq gətirilməlidir. Akif Nağının sözlərinə görə, torpaqları işğaldan azad etmək üçün ordu gücləndirilməli və müharibəyə hazır vəziyyətə gətirilməlidir. Çıxışın sonunda Ağdamın işğalı ilə bağlı bəyanat oxunub, aksiya dinc şəraitdə başa çatıb. Həmin bəyanat iyulun 23-də keçirilməsi nəzərdə tutulan, lakin siyasi partiyaların aksiyasına görə təxirə salınan Qarabağ yürüş-mitinqinin qətnaməsi idi.

Qeyd edək ki, Ağdam şəhəri 1993-cü il iyulun 23-də işğalçı erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib, rayonun 121 kəndindən 77-si hazırda işğal altındadır, 44-nə isə Azərbaycan ordusu nəzarət edir, yerli əhali orada yaşamaqda davam edir. Ağdamın ərazisi 194 kvadrat kilometr, əhalisi 160 mindən çox olub. Statistik məlumatlara görə müharibə dövründə Ağdam 6 mindən çox şəhid verib, rayon əhalisinin çox hissəsi məcburi köçkün vəziyyətinə düşərək, ölkənin müxtəlif bölgələrinə səpələniblər. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Təxmini hesablamalara görə, işğal nəticəsində Ağdama dəymiş zərərin miqdarı 252 milyon ABŞ dolları həcmindədir.

Xəbər lenti

Xəbər lenti