...

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin iclasında lord Rassel-Consonun məruzəsi dinləniləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Yanvar 2006 16:13 (UTC +04:00)

AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin yanvarın 9-da Parisdə keçiriləcək iclasında alt komitənin sədri lord Rassel-Consonun görülmüş işlərə dair məruzəsi dinləniləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.

A. Mollazadə qeyd edib ki, alt komitənin ötən iclasında ATƏT-in Minsk qrupu həmsədrlərinin çıxışları artıq dinlənilib və onlar tərəfindən hər hansı yeni məruzələr dinlənilməyəcək. "Alt komitə iclasının məqsədi AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə dair (1416) qətnaməsinin yerinə yetirilməsi və atılacaq addımların gedişi ilə bağlı məsələlərin müzakirəsidir"-deyə A. Mollazadə qeyd edib və bildirib ki, iclasın yekunlarına əsasən növbəti iclasın tarixi də müəyyən ediləcək.

Öz növbəsində Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov "Azadlıq" radiosuna bildirib ki, britaniyalı paprlamentari lord Rassel-Consonun illik məruzəsinə Azərbaycan ərazilərinin işğalı və Dağlıq Qarabağda separatist rejimin olması faktları daxil edilib. S. Seyidovun sözlərinə görə, həmin bəndlərin məruzəyə daxil edilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir, belə ki, həmin sənəd AŞPA-nın Strasburqda keçiriləcək yanvar sessiyasında yenidən dinləniləcək. Azərbaycan Avropa Şurasına üzv olan digər 45 dövlətin Dağlıq Qarabağ problemi ilə bağlı rəsmi mövqeyinin alınmasında maraqlıdır.

Qeyd edək ki, bazar ertəsi, yanvarın 9-da Parisdə AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin də iştirak edəcəyi iclası keçiriləcək. Dağlıq Qarabağ münaqişəsi üzrə (1416) qətnamənin 5-ci bəndinin tətbiqi məsələsi müzakirə ediləcək.

Qətnamənin 5-ci bəndində AŞPA bu ölkələrə münaqişənin sülh yolu ilə həllinə nail olunması məqsədilə səyləri fəallaşdırmaq xahişi ilə müraciət edir və həmin dövlətlərin milli nümayəndə heyətlərini AŞPA-da hər il öz hökumətlərinin bununla bağlı fəaliyyəti barədə məlumat verməyə dəvət edir.Bu məqsədlə Assambleya xahiş edir ki, onun Bürosu digərləri ilə birgə milli nümayəndə heyətləri başçılarının da iştirak edəcəyi alt komitəni yaratsın.

Xəbər lenti

Xəbər lenti