...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri həlak olub, digəri isə yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Mart 2006 13:49 (UTC +04:00)

Martın 6-da və 7-də Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri həlak olub, digəri isə yaralanıb. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 6-da saat 12.00-da Ermənistan Silahlı Qüvvələri bölmələrinin Füzuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndi sahəsində yerləşən mövqelərindən açılan atəş nəticəsində hərbi qulluqçu, əsgər Nazimov Mühiddin Vəli oğlu yaralanıb. Onun vəziyyəti ağırdır. 1987-ci il təvəllüdlü M.Nazimov 2005-ci ilin iyulunda Oğuz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Martın 7-də saat 04.45-də isə Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərbində yerləşən düşmən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cahangirov Pərviz Asif oğlu həlak olub. 1986-cı il təvəllüdlü P.Cahangirov 2005-ci ilin aprelində Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbr diləyib.

Xəbər lenti

Xəbər lenti