...

İsrail səfiri: Dialoq münaqişəli vəziyyətlərdən yeganə çıxış yoludur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2006 17:13 (UTC +04:00)

"İsrail kimi Azərbaycan da "ağır regionda" yerləşir və dialoq münaqişəli vəziyyətlərdən yeganə çıxış yoludur". Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da "Xəzər" universitetinin tələbələri ilə görüşündə İsrailin Bakıdakı səfiri Artur Lenk bildirib.

"İsrail bir çox qonşuları, xüsusilə Misirlə diplomatik əlaqələr qurub ki, bu da danışıqlar proseslərinin səmərəliliyini bir daha sübut edir. Bundan başqa, bizim Türkiyə ilə də gözəl münasibətlərimiz var", - deyə A. Lenk qeyd edib.

Səfir qeyd edib ki, İsrail Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatına öz payını qoyur. "İsrailli mütəxəssislər muxtəlif proqramlarla respublikaya gəlir və öz təcrübəsi ilə bölüşür. Bu istiqamətdə "MAŞAV" təşkilatının əhəmiyyəti xüsusilə böyükdür", - deyə diplomat qeyd edib. O vurğulayıb ki, hər iki ölkə arasında əməkdaşlıq bundan sonra da inkişaf edəcək.

A.Lenk Azərbaycanın yəhudi icmasına göstərdiyi münasibətdən məmnunluğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda müxtəlif din və cərəyan nümayəndələrinə tolerant münasibət bütün dünyada dinlərin dinc mövcudluğu üçün örnəkdir.

İsrailin diplomatik missiyasının rəhbəri sonda İranın nüvə proqramı ilə bağlı öz fikrini bildirib. Onun firincə, İsrail və İran xalqı arasında "münaqişəli vəziyyətlər yoxdur və olmayıb". "Hətta bizim ümumi sərhədlərimiz də yoxdur", - deyə A.Lenk vurğulayıb. O bildirib ki, İranın nüvə proqramı ətrafında yaranmış problem də dialoq vasitəsilə həll edilə bilər və bu, təkcə İsrailin deyil, həm də bütün dünya ictimaiyyətinin mövqeyidir.

Xəbər lenti

Xəbər lenti