...

Politoloq: "Robert Koçaryanın hakimiyyətdə olduğu dövrdə Dağlıq Qarabağ münaqişəsinin həli ilə bağlı sülh sazişinin imzalanması mümkün deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2007 17:17 (UTC +04:00)

"Robert Koçaryanın hakimiyyətdə olduğu dövrdə Dağlıq Qarabağ münaqişəsinin həli ilə bağlı sülh sazişinin imzalanması mümkün deyil." ATƏT Parlament Assamlbeyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerin Dağlıq Qarabağ münaqişəsinə dair sülh sazişinin Ermənistanda keçirilən parlament seçkilərindən sonra imzalana biləcəyi haqda Yerevanda səsləndirdiyi bəyanatı şərh edən politoloq Rasim Musabəyov belə deyib.

R.Musabəyov vurğulayıb ki, bununla yanaşı ATƏT Parlament Assambleyası sədrinin səsləndirdiyi bəyanatın arxasında hansısa planın dayandığını da istisna etmək olmaz.

"Ola bilər ki, Robert Koçaryan qarşıdan gələn seçkilərdə öz tərəfdarlarını parlamentə yerləşdirsin və gələcəyi ilə bağlı təminat almış olsun. Bundan sonra isə sülh sazişinə imza atsın. Eyni zamanda bununla da öz gələcəyi ilə bağlı beynəlxalq təminat almış olsun. Çünki Robert Koçaryan bir daha prezident seçilməyəcək. Amma Ermənistan prezidentinin fəaliyyətini izləyən bir şəxs kimi deyə bilərəm ki, Robert Koçaryan çətin ki, hansısa sazişə imza atsın", -deyə politoloq əlavə edib.

Onun fikrincə, hazırkı mərhələdə danışıqlarda heç bir irəliləyiş yoxdur. Əgər dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməsələr münaqişə ətrafında yaranmış vəziyyət dəyişməyəcək.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, ATƏT PA-nın sədri çətin ki, Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan danışıqların tam təfərrüatları haqqında məlumatlı olsun. Çünki danışıqlar məxfi aparılır.

"Hesab edirəm ki, Qoran Lenmarker öz xoş niyyətini bildirib. O, istəyir ki, Ermənistanda keçirilən parlament seçkilərindən sonra belə bir saziş imzalansın. Əgər Ermənistan ədalət prinsiplərini qəbul edərək, belə bir sülhə hazır olarsa biz bunu yalnız alqışlaya bilərik. Söhbət Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və işğal altındakı ərazilərin azad edilməsindən gedir", -deyə Aydın Mirzəzadə vurğulayıb.

Onun fikirncə, istənilən bir seçki kompaniyası danışıqların intensivliyini azaltmamalıdır. Millət vəkili deyib ki, Ermənistanda seçkinin yaxınlaşmasına baxmayaraq danışıqların intensçivliyi aşağa düşməyib: "İkincisi isə prezident İlham Əliyevin dediyi kimi danışıqların son mərhələsinə yaxınlaşırıq. Bu bəyanatda böyük güc var idi və o deməkdir ki, biz məsələnin həllinə yaxınlaşmışıq. Bu münaqişənin həlli zamanı Azərbaycanın öz ərazisini güzəştə getməsi mümkün deyil."

Millət vəkili bildirib ki, sülh sazişinin bu il yoxsa, gələn il imzalanacağını demək çətindir. Bu saziş nə qədər tez imzalansa həm bölgə, həm Azərbaycan, həm də Ermənistan üçün yaxşı olar.

Xəbər lenti

Xəbər lenti