...

"Xocalı soyqırımı: milyon imza-bir tələb" kitabı imzalar və müraciətlərlə birlikdə beynəlxalq qurumlara təqdim olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2007 13:26 (UTC +04:00)

Azərbaycanın ən böyük faciələrindən olan Xocalı soyqırımına həsr olunmuş üç dildə "Xocalı soyqırımı: milyon imza - bir tələb" adlı kitab nəşr edilib. Bu barədə Trend ə kitabı hazırlayan və nəşr etdirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) məlumat verilib.

Kitabda 1992-ci il 26 fevralda Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımla bağlı faktlar, istintaq materialları, hadisəni əks etdirən fotoşəkillər əks olunub. Həmçinin kitabda soyqırımla bağlı Azərbaycan prezidentinin xalqa müraciəti, bundan başqa Xocalı hadisələrinin soyqırım kimi tanınması üçün AVCİYA-nın apardığı "Xocalı soyqırımı: milyon imza - bir tələb" kampaniyası da əksini tapıb. Kitabın 20-dən artıq səhifəsində Xocalı soyqırımını əks etdirən fotoşəkillər dərc olunub. Nəşrdə Azərbaycan Respublikasının xəritəsi yerləşdirilməklə işğal edilmiş Dağlıq Qarabağın Azərbaycanın inzibati ərazisi, tərkib hissəsi olduğu kitabla tanış olan xarici oxucuların bir daha diqqətinə çatdırılır.

Bu kitabdan başqa, 20 kitabça da çap olunub ki, burada yalnız milyon nəfərin imzası yer alıb. Milyon nəfər azərbaycanlı dünya ictimaiyyətindən, xarici dövlətlərdən Xocalı soyqırımının rəsmən tanınmasını tələb edir.

Qeyd edək ki, "Xocalı soyqırımı: milyon imza - bir tələb" kitabı 20 kitabça və müraciətlərlə birlikdə beynəlxalq təşkilatların nümayəndəliklərinə, diplomatik korpusun təmsilçilərinə təqdim olunacaq. Fevralın 19-da isə Bakıda nəşrlərin təqdimat mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti