...

AGKŞ və BMMDİ-nin Azərbaycan klubu Moskvada Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2007 12:34 (UTC +04:00)

Rusiya,Moskva/müxbir Trend R.Ağayev/Azərbaycanlı Gənclərin Koordinasiya Şurası (AGKŞ) və RF XİN Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunun (BMMDİ) Azərbaycan klubu fevralın 25-də Moskvada mərkəzi sahibkar evində Xocalı soyqırımı qurbanlarının xatirə gecəsini keçirəcək. AGKŞ-nin idarə şurası və BMMDİ Azərbaycan klubunun üzvü Zərifə Əsədovanın məlumatına əsasən bu tədbirə hazırlıq iki aydır ki, aparılır.

"Bununla bağlı xüsusi olaraq qeyd edirəm ki, Heydər Əliyev Fondu bu mərasimin 10 ölkədə keçirilməsi üçün miqyaslı işlər aparır və çox xoşdur ki, Rusiyada bu fond anım mərasimlərini bizimlə birgə həyata keçirir", deyə Z.Əsədova bildirib. O, minnətdarlıqla Heydər Əliyev Fondunun onlara çoxlu sayda məlumat nəşrlərini təqdim etdiyini qeyd edib.

Onun sözlərinə görə, tədbir iştirakçılarına daha çox məlumat təqdim etmək üçün AGKŞ və BMMDİ "Xocalıda azərbaycanlıların soyqırımı", "Mən müharibəni öldürəcəyəm" kitablarını yenidən nəşr etdirib, "Azərbaycana qarşı erməni aqressiyası dayandırılsın" yazılı köynək və papaqları çoxaldıb, AGKŞ fəalı, "Qarabağ" beynəlxalq fondunun prezidenti Roman Ağayevin müəllif layihəsi olan "Erməni faşizmi" filminin sayını artırılıb.

Z.Əsədova qeyd edib ki, tədbirə RF Dövlət Dumasının deputatları, MDB icraiyyə komitəsi, RF XİN, RF İctimai palatası, RF Federasiya Şurası, Moskva rəhbərliyi, səfirliklərin nümayəndələri, Moskvanın aparıcı ali təhsil məktəblərinin müəllimləri, mədəniyyət xadimləri və başqları dəvət olunub. Mərasimdə həmçinin Azərbaycanın Rusiyadakı səfirliyi, diaspora təşkilatlarının rəhbərləri və KİV nümayəndələri də iştirak edəcək. "Biz hər zaman Rusiya ictimaiyyətinə Azərbaycan-Ermənistan münaqişəsi haqda həqiqəti çatdırmağa çalışırıq. Diasporamızın gələcək fəaliyyətinin uğuru yalnız birlik və həmrəylik səviyyəsindən asılıdır. Məhz buna görə də gənc nəsil olaraq bilrlik uğrunda addımlamağa çalışırıq", deyə Z.Əsədova yekun vurub.

Qeyd edək ki, BMMDİ Azərbaycan klubu nun prezidenti Azərbaycan prezidentinin qızı Leyla Əliyevadır.

Xəbər lenti

Xəbər lenti