...

Azərbaycan prezidenti Ermənistanı Qarabağ üzrə danışıqların məxfiliyini pozmaqda ittiham edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2007 15:27 (UTC +04:00)
Azərbaycan prezidenti Ermənistanı Qarabağ üzrə danışıqların məxfiliyini pozmaqda ittiham edib

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova,E.Hüseynov/ Ermənstan, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin məxfiliyi haqqında razılığı pozub.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün 450 yerlik xüsusi qəsəbənin açılışında çıxış edərkən bəyan etdiyi kimi, Ermənistanın rəsmi şəxsləri tərəfindən danışıqlar prosesinin gedişi barədə məlumat ictimaiyyətə təhrif olunmuş formada çatdırılır. Prezidentin sözlərinə görə, bu cür davranışın səbəbi parlament seçkiləri ərəfəsində olan Ermənistandakı daxili vəziyyət ola bilər. Bununla yanaşı Əliyev Ermənistan tərəfinin məhz hansı bəndlərdə prosesin məxfiliyini pozmasını dəqiqləşdirməyib.

Cənubi Qafqazda yerləşən iki ölkə arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğal altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və münaqişənin həlli bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsindədir, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Prezident Əliyev çıxışı zamanı sual ünvanlayıb: "Əgər danışıqlar onların bəyan etdiyi kimi, həqiqətən də Ermənistanın xeyrinə aparılırsa, o zaman nə üçün onlar seçkilər ərəfəsində danışıqları dayandırmağa qərar verib?"

Dövlət başçısının sözlərinə görə, mərhələli şəkildə Azərbaycana 7 işğal olunmuş rayonun qaytarılması barədə ümumi razılıq var. Bundan sonra azərbaycanlıların doğma torpaqlarına qaytarılması məsələsinə baxılması nəzərdə tutulur. "Bu, Azərbaycanın prinsipial mövqeyidir" - deyə əlavə edən prezident vurğulayıb ki, bu təklifləri həm Ermənistan, həm də danışıqların vasitəçiləri qəbul edib. Əliyev bəyan edib ki, Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə oluna bilər. Bununla belə, Azərbaycan bu ərazidə sülhməramlıların yerləşdirilməsinə dair Ermənistanın təşəbbüsünə etiraz etmir.

Xəbər lenti

Xəbər lenti