...

Azərbaycan və Türkmənistan Aşqabadda Xəzərin statusunu müzakirə edəcəklər

Siyasət Materials 28 Sentyabr 2007 16:27 (UTC +04:00)
Azərbaycan və Türkmənistan Aşqabadda Xəzərin statusunu müzakirə edəcəklər

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Xəzərin statusu ilə bağlı Azərbaycan və Türkmənistan arasında növbəti ikitərəfli görüş Aşqabadda xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. Bu barədə razılıq cümə günü Bakıda Azərbaycan və Türkmənistan xarisi işlər nazirlərinin müavinləri Xələf Xələfov və Xoşgeldi Babayevin görüşü zamanı əldə olunub.

Xəzərin statusunun müəyyən olunması üzrə cümə axşamı Bakıda Azərbaycan-Türkmənistan arasında ikitərəfli danışıqlar başlayıb. Azərbaycan XİN-dən bildirilib ki, danışıqların nəticələrinə əsasən, tərəflərin mövqeyində yumşalma hiss olunur. Danışıqların detalları isə açıqlanmır. Danışıqlarda əsas diqqət orta xəttin koordinatlarının müəyyən olunmasına ayrılıb.

Tərəflər arasında fikir ayrılığı hələ 1998-ci ildə "Kəpəz" yatağına görə yaranıb. Tərəflər yatağın kimin ərazisində yerləşməsini müəyyən edə bilməyiblər və danışıqlar dayandırılmışdı. Yalnız Türkmənistanın yeni rəhbərliyi dövründə məsələ aktuallaşıb.

Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlinib. Türkmənistan və İranla isə, Xəzərin bölünməsi üzrə mövcud fikir ayrılıqlarına görə, sənəd imzalanmayıb. İkitərəfli razılıq əldə ediləcəyi təqdirdə, Xəzərin statusu ilə bağlı Konvensiyanın qəbul olunmasına əsas yaranacaq.

Oktyabrın 16-da Tehranda Xəzərsahili ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti