...

İsrail prezidenti: "Azərbaycan İsrail üçün maraqlı və strateji əhəmiyyətli ölkədir"

Siyasət Materials 1 Oktyabr 2007 18:03 (UTC +04:00)
İsrail prezidenti:  "Azərbaycan İsrail üçün maraqlı və strateji əhəmiyyətli ölkədir"

İsrail, Qüds/ Trend müxbir, R.Məmmedov/ "Azərbaycan İsrail üçün maraqlı və strateji cəhətdən əhəmiyyətli ölkədir",-deyə bazar ertəsi İsrail prezidenti Şimon Peres Yaxın Şərq Azərbaycanlıları Konqresinin nümayəndələri ilə görüşdə bəyan edib.

Öz iqamətgahında Konqres nümayəndələrini qəbul edən Peres Azərbaycan-İsrail əlaqələrini yüksək qiymətləndirib və bu münasibətləri "sürətli inkişaf" kimi xarakterizə edib.

Onun sözlərinə görə, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin bunda xüsusi xidmətləri olub. "Qeyd etmək istəyirəm ki, bu parlaq siyasi şəxsiyyətə İsraildə çox hörmət edir və xatırlayırlar",-deyə Peres söyləyib.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Süleyman Konqresin yaradılması və gələcək layihələr barədə məlumat verib. Konqresin prezidenti bildirib ki, bir neçə həftə öncə yaradılan Konqres qarşısına güclü və təsiredici təşkilat olmaq vəzifəsini qoyub.

"Güclü və təsiredici Konqres bizim üçün İsrail və Azərbaycan arasında əməkdaşlıq maraqlarını təbliğ edən və təmsil etmək qabiliyyətinə malik böyük bir təşkilatdır. Biz bu işi əsrlərdir ki, dostluq və əməkdaşlıq bağları ilə bağlı olan Azərbaycan və yəhudi xalqlarının naminə etməliyik",-deyə Şapiro-Süleyman bildirib.

İsrail Prezidenti Şimon Peresin sözlərinə görə, hazırkı İsrail hökumətinin Azərbaycan xalqına və hökumətinə çox böyük hörmət və ehtiramı mövcuddur.

Aleks Şapiro-Süleyman İsrail prezidenti Şimon Peresi təbrik edərək ona yadigar olaraq Azərbaycan xalçası və xəritəsi hədiyyə edib.

Görüş İsraildə qeyd olunan Sukkot bayramı ilə əlaqədar baş tutub. Bununla əlaqədar prezident Peres öz iqamətgahında ölkə ictimaiyyəti və ziyalılarının nümayəndələri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti