...

Müsavat Partiyasının Məclis sədri: "Partiyanın prezident seçkilərində namizədi İsa Qəmbər olacaq"

Siyasət Materials 1 Oktyabr 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyası gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın sədri İsa Qəmbərin namizədliyini irəli sürəcək. Bu barədə bazar ertəsi Trend ə Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib.

Onun sözlərinə görə, partiyanın prezident seçkiləri ilə bağlı rəsmi qərarı oktyabrın 12-də keçiriləcək Məclisin iclasında veriləcək.

"Məclisin iclasında Müsavat Partiyasının prezident seçkisində iştirak edib-etməməsi barədə qərar çıxarılacaq. Müsbət qərar olacaqsa, prezidentliyə İsa Qəmbərin namizədliyi irəli sürüləcək. Müsavat İsa Qəmbərə alternativ başqa namizəd irəli sürməyəcək"-deyə Məclis sədri bildirib.

O, əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyində prezident seçkilərində iştirak etməyin əleyhinə olanlar yoxdur. Əkbərin sözlərinə görə, Müsavat Partiyasının seçkidə iştirak etməsi, həm də İsa Qəmbərin namizəd olması ilə bağlı partiya rəhbərliyində yekdil mövqe var.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti