Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratiya Uğrunda İttifaq müxalifət partiyalarının Seçki Məcəlləsi ilə bağlı vahid təkliflər təqdim etməsi üçün toplantı keçirəcək, çərşənbə günü Trend ə İttifaqın həmsədri, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.
Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün hökumətlə Avropa Şurası Venesiya Komissiyası arasında müzakirələr aparılır. Müxalifət partiyaları Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair ayrı-ayrılıqda təkliflər layihəsi hazırlayır və bu təkliflərin nəzərə alınması üçün Venesiya Komissiyasına təqdim edirlər. Artıq Ümid Partiyasının, üç partiyanı birləşdirən "Azadlıq" blokunun təkliflər sənədi Venesiya Komissiyasına verilib. "Azadlıq" blokunun həmsədri Əli Kərimli bildirib ki, digər müxalifət partiyalarının blokun təkliflərini dəstəkləməməsinə baxmayaraq, onlar öz mövqelərini dəyişməyəcəklər.
Mirəlioğlu hesab edir ki, bütün müxalifət partiyalarının ortaq məxrəcə gələrək, eyni mövqedən çıxış etməsi və vahid təkliflər sənədi hazırlaması vacibdir. Ona görə də, İttifaq bu missiyanı üzərinə götürərək, partiyalarla danışıqlara başlayıb və artıq bəzilərindən müsbət cavab alıb: "Yaxın günlərdə bu tədbiri təşkil edəcəyik və çalışacağıq işçi vahid qrupu yaradaraq, ayrı-ayrılıqda hazırlanmış təklifləri ümumiləşdirək"-deyə Mirəlioğlu məlumat verib.
Partiya sədri bildirib ki, ayrı-ayrı partiyalar yalnız öz mövqeyində israrlı olsalar, onların təklifləri heç yerdə qəbul olunmayacaq. Onun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar müxalifət daxilində vahid mövqeyin olmamasında maraqlıdır. Ona görə də, Ittifaq şəxsi partiya maraqları uğrunda mübarizənin qarşısını almaq istəyir.
Demokratiya Uğrunda İttifaqda müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları təmsil olunur. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.