...

AŞPA sessiyasında Azərbaycan mətbuatının vəziyyəti müzakirə olunub

Siyasət Materials 4 Oktyabr 2007 15:28 (UTC +04:00)

Fransa, Strasburq / Trend müxbir A.Məhərrəmli, İ.Əlizadə/Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən iclasında Azərbaycan mətbuatının vəziyyəti müzakirə olunub. AŞPA-nın Hüquq və İnsan Haqları Komitəsinin məruzəçisi Jaume Bartumeu Cassani "Jurnalistləri böhtana görə cinayət məsuliyyətinə cəlb etməməyə dair" məruzə ilə çıxış edərkən Azərbaycanda medianin vəziyyətinə toxunub və 2007-ci ilin aprel ayında "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbs olunmasından danışıb. Məruzəçi Azərbaycanda böhtana görə həbs cəzasının ləğv olunmasını təklif edib və İnsan Hüquqları üzə Avropa Məhkəməsinin qərarlarında göstərilən prinsiplərdən yararlanmağın vacibliyini vurğulayıb.

Məruzəçi həmçinin, dəymiş ziyana görə disproportional cərimələrin ödənilməsi ilə bağlı məhkəmələrə müraicətlərdən sui-istifadəni pisləyib.

Azərbaycanda yeddi jurnalist həbsdədir: Eynulla Fətullayev, Mirzə Sakit. Fərəməz Novruzoğlu, Samir Sədaqətoğlu, Rafiq Tağı, Yaşar Ağazadə və Rövşən Kəbirli. Onların əksəriyyəti böhtana görə həbs olunublar. Beynəlxalq təşkilatlar Azərbaycanın Cinayət Məcəlləsindən böhtana görə maddənin (147, 148-ci maddələr) çıxarılmasını və "Diffomasiya haqqında" qanunun qəbul olunmasını tələb edirlər. Rəsmi Bakı isə hesab edir ki, bu məsələlərin həyata keçirilməsi tezdir.

"Azərbaycanda 2005-ci illə müqayisədə 2007-ci ildə jurnalistlər 10 dəfə çox cinayət məsuliyyətinə cəlb olunub və məhkəməyə veriliblər Onlar böyük məbləğdə maliyyə cərimələrinə məruz qalırlar" - deyə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel iclasda çıxışı zamanı bildirib.

Herkel bildirb ki, bu məsələ Cinayət Məcəlləsindən irəli gəlir. Onun sözlərinə görə, bəzi ölkələrin Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bəzi ölkələrdə isə bu mövcuddur: "Bəzi ölkələrdə hakimiyyətə qarşı tənqidlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulan maddədən istifadə edirlər. İnsan Hüquqları üzrə Avropra Məhkəməsinin qərarları bu sahədə çox önəmlidir".

Həmməruzəçi qeyd edib ki, bəzi ölkələrdə medianın vəziyyətini nəzərə aldıqda tutulan cərimələrin disproportionalığı aydın olar.  

Herkel bu vəziyyətin aradan qaldırılması üçün təmsil etdiyi qrup adından təkliflərini açıqlayıb: "İlk növbədə Avropa Şurasına üzv olan ölkələrin qanunvericiliyi uyğunlaşdırılmalıdır. İkincisi, Cinayət Məcəlləsindən böhtana görə cinayət məsuliyyətini çıxarmaq və böhtana görə məsələni mülki yolla həll etmək lazımdır. Böhtana görə azadlıqdan mərhumetmə düzgün yol deyil".

Xəbər lenti

Xəbər lenti