...

Venesiya Komissiyasının vasitəçiliyi ilə hakimiyyətlə müxalifət arasında müzakirələr başlanılır

Siyasət Materials 5 Oktyabr 2007 14:13 (UTC +04:00)
Venesiya Komissiyasının vasitəçiliyi ilə hakimiyyətlə müxalifət arasında müzakirələr başlanılır

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda seçki qanunvericiliyində aparılacaq islahatlarla bağlı hakimiyyətlə müxalifət arasında müzakirələr başlayacaq, cümə günü Trend ə Azərbaycanın müxalif Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, noyabrın 9-da Avropa Şurası Venesiya Komissiyasının vasitəçiliyi ilə siyasi partiya liderlərinin görüşü keçiriləcək və seçki qanunvericiliyinə dəyişikliklər məsələsi müzakirə olunacaq.

Cümə günü Avropa Şurasının Bakı Ofisində Azərbaycanın siyasi partiyalarının nümayəndələrinin toplantısı keçirilib. İqtidaryönlü partiyalar toplantıya dəvət olunsa da, onlar iclasda iştirak etməyib. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Trend ə açıqlamasında görüşlə bağlı onlara hər hansı dəvətin gəlmədiyini bildirib.

Hacılı bildirib ki, bugünki toplantı seçki qanunvericiliyi ilə bağlı başlanılacaq müzakirələrə hazırlıq iclası idi. İclasda AŞ noyabrın 9-da müzakirə olunacaq məsələlərlə bağlı siyasi partiya nümayəndələrinə məlumat verib. Hacılının sözlərinə görə, müzakirə olunan məsələlər arasında seçki komissiyalarının paritet əsasda formalaşdırılması məsələsi də var.

Hacılı bildirib ki, Müsavat Partiyası əsasən seçki komissiyalarının formalaşdırılması məsələsinin müzakirəsinə üstünlük verir.

"Hakimiyyət seçki komissiyalarının paritet əsasda formalaşdırılmasına razılıq vermir. Ona görə də Azərbaycan müxalifətinin əsas hədəfi buna yönəlib" Hacılı deyib.

Xəbər lenti

Xəbər lenti