...

Azərbaycanın millət vəkili: "Dünyəviləşmə əleyhinə olan dini təşkilatlara qarşı fəaliyyət güclənlməlidir"

Siyasət Materials 5 Oktyabr 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın regiondakı önəmini anlayan qüvvələr bu faktordan istifadə edərək ölkəni orta əsrlərə qaytarmaq istəyirlər. Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyində keçirdiyi görüşündə səsləndirib.

Görüşün keçirilməsində məqsəd Azərbaycanda demokratiyanın inkişafı üçün zəruri olan məsələlərin müzakirəsi olub.

Mollazadə bildirib ki, hazırda dünyəviləşdirmə (sekulyarizasiya) əleyhinə olan, bununla da dünyəvi təhlükəyə çevrilən dini təməlçi təşkilatlara qarşı fəaliyyətin gücləndirilməsinə ehtiyac var. O, hesab edir ki, Azərbaycanda təhsilin, mədəniyyətin səviyyəsinin gücləndirilməsinə, ayrı-ayrı sahələrdə demokratik islahatların aparılmasına böyük ehtiyac var.

Görüşdə qarşıdan gələn prezident seçkiləri, ölkədəki seçkiqabağı vəziyyət, media və azad söz sahəsindəki problemlər, insan hüquqlarının vəziyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Asim Mollazadə seçki sistemində islahatlarla bağlı DİP-in mövqeyini diqqətə çatdırıb.

Görüşdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya bölgəsi üzrə nümayəndəsi Noah Kristel, Dövlət Departamentinin Avropa məsələləri bürosunun nümayəndəsi Lane D.Bahl, Dövlət Departamentinin insan hüquqları və əmək bürosunun nümayəndəsi Vendi Silverman, Ədliyyə Departamentinin proqram müdiri Şeyla Filips, USAİD-in Demokratiya, dövlətçilik və ictimai əlaqələr ofisinin direktor əvəzi Suzan Fertik Düks və ABŞ-dan olan digər diplomatlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti