...

Vəhdət Partiyasının sədri Avropa Şurasını hörmətsizlikdə ittiham edir

Siyasət Materials 9 Oktyabr 2007 13:52 (UTC +04:00)
Vəhdət Partiyasının sədri Avropa Şurasını hörmətsizlikdə ittiham edir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Vəhdət Partiyası Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə Seçki Məcəlləsinin müzakirəsinə həsr olunmuş görüşə dəvət olunmamasını özünə qarşı hörmətsizlik kimi qiymətləndirir. Bu barədə çərşənbə axşamı Trend ə Vəhdət Partiyasının sədri Tahir Kərimli açıqlama verib.

Ötən həftənin cümə günü Avropa Şurasının Bakıdakı nümayəndəliyində 12 siyasi partiyanın nümayəndələrinin toplantısı təşkil olunub, Seçki Məcəlləsinin müzakirələrinə dair noyabrın 9-da keçiriləcək görüş barədə onlara məlumat verilib.

Kərimli bildirir ki, Vəhdət Partiyası həmin görüşə çağırılmayıb və partiya nümayəndələri bunun səbəblərini öyrənməyə çalışsalar da, bu barədə onlara açıqlama verilməyib.

"Avropa Şurasının Bakı nümayəndəliyi bizə qarşı hörmətsizlik edib. Vəhdət Partiyasına nə üçün ögey münasibət göstərməsini başa düşə bilmirik. Halbuki əvvəlki illərdə ATƏT-in, Avropa Şurasının Bakı nümayəndəlikləri ilə görüşlər keçirər, öz təkliflərimizi verərdik" - deyə Kərimli bildirib.

Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Serqey Kuznetsov Trend ə bildirmişdi ki, Seçki Məcəlləsinin müzakirələrinə son parlament seçkilərində iştirak etmiş bütün partiyalar dəvət olunacaq.

Kərimli bildirib ki, Vəhdət Partiyasının təmsil olunduğu "Azərbaycançı Qüvvələr Birliyi" 2005-ci il parlament seçkilərində blok şəklində 46 namizədlə iştirak edib. "Amma Avropa Şurası parlament seçkisində cəmi 3-4 namizədlə iştirak etmiş partiyaları da təşkil etdiyi görüşə çağırır" - deyə "Vəhdət" sədri bildirib.

Məsələ ilə bağlı Avropa Şurası Bakı nümayəndəliyindən heç bir şərh verilməyib. Nümayəndəliyin mətbuat katibi İlqar İbrahimoğlu bildirib ki, Seçki Məcəlləsinin müzakirəsinə dair növbəti görüşün iştirakçılarının siyahısı hələ müəyyənləşdirilir.

Vəhdət Partiyası 2006-cı ilə qədər müxalifət mövqeyində olub. Azərbaycan Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Kərimlinin sədrlik etdiyi partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti