...

Tikinti sahəsində qanunvericiliyin pozulmasına şərait yaradan vəzifəli şəxslər ciddi şəkildə cəzalandırılacaqlar

Siyasət Materials 9 Oktyabr 2007 14:56 (UTC +04:00)
Tikinti sahəsində qanunvericiliyin pozulmasına şərait yaradan vəzifəli şəxslər ciddi şəkildə cəzalandırılacaqlar

Azərbaycan, Bakı/ Trend müxbir İ. Əlizadə/ Azərbaycanda tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Mülki Məcəllə və Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, qanunsuz tikintinin aparılmasına şərait yaradaraq vəzifə məsuliyyətsizliyinə yol verən şəxsləri 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Mülki Məcəllə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı prezident İham Əliyev tərəfindən parlamentə göndərilən layihə qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, hazırda tikinti sektorunda bir sıra qanun pozuntuları baş verib və bu pozuntuların baş verməsi bu günün işi deyil: "Tikinti sahəsi ilə bağlı qanunvericilik normal olsa da, bir sıra yeni sahələrin qanunla tənzimlənməsinə ehtiyac var. Ona görə də tikinti sahəsində qanunvericiliyə əlavə və dəyişiklik edilməlidir".

Mülki və Cinayət Məcəllələrində edilən dəyişikliklərə əsasən, tikintidə təhlükəsizlik qaydalarının pozulması və insan həyatı üçün təhlükə yaradan qaydada işlər aparmaq cinayət hesab olunacaq və bunun üçün məsuliyyət nəzərdə tutulub. İndiyə qədər isə hər hansı qəza baş verən halda cəza nəzərdə tutulurdu. Həmçinin, qanunvericiliyin pozulması ilə aparılan tikinti işlərinin dayandırılması ilə bağlı icra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş qərarları qəsdən icra etməyən şəxslər də cinayət məsuliyyətinə cəlb olunacaqlar.

"Bundan başqa, tikintidə təhlükəsizlik qaydalarının pozulması, özbaşına tikinti aparma hallarına görə nəzərdə tutulan cəzalar da sərtləşdirilib. Yalnız hüquqi və fiziki şəxslər deyil, tikinti sahəsinə nəzarəti həyata keçirməli olan vəzifəli şəxslər üçün də cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə məsuliyyətsizliyinə yol vermiş şəxslər cinayət məsuliyyətindən kənarda qala bilməyəcəklər" - deyə Hüseynov əlavə edib.

Müzakirələrdən sonra 99 nəfər lehinə, 2 nəfər əleyhinə və 1 nəfər bitərəf olmaqla Mülki və Cinayət Məcəllələrinə əlavə və dəyişikliklər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti