...

Deputatlar Bakı Şəhər İcra Hakimiyyətini rüşvət almaqla ittiham ediblər

Siyasət Materials 9 Oktyabr 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Millət vəkilləri Bakı Şəhər İcra Hakimiyyətini, rüşvət almaqla qanunsuz tikintilərin aparılmasına, tikintidə təhlükəsizlik qaydaların pozulmasına şərait yaratmaqda ittiham ediblər. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında müxalifətyönlü Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti 3 bloklu binanın tikintisinə icazə vermək üçün sahibkarlardan 150 min ABŞ dolları rüşvət alır: "Bu qədər rüşvət verən şəxslər isə, binanı tikən zaman qanunsuzluqlara yol verirlər. Bu problem yalnız o halda həll olunacaq ki, bina tikməyə icazə almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edən şəxslərlə qanun çərçivəsində davranılsın, onlardan rüşvət alınmasın".

Milli Məclis, tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirməsi məqsədi ilə, çərşənbə axşamı Mülki Məcəllə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edib.

Ağazadə vurğulayıb ki, tikinti sahəsində olan problemlərin kökündə qanunvericilikdə olan çatışmazlıqlar durmur. Ona görə də, Mülki və Cinayət Məcəlləsinə edilən dəyişikliklər tikinti sahəsində olan problemləri həll etməyəcək.

Müxalifətyönlü Müsavat deputat qrupun üzvü Pənah Hüseyn də bildirib ki, Azərbaycanda bina tikintisi qeyri-qanuni, qeyri-elmi və qeyri -insani formada aparılır: "Bunun kökündə isə, korrupsiya dayanır".

Deputat Vahid Əhmədov isə vurğulayıb ki, Mülki və Cinayət Məcələlərində edilən dəyişikliklər konkret xarakter daşımır. Ona görə də bu dəyişikliklər tikinti sahəsində korrupsiyanın genişlənməsinə şərait yaradacaq.

Deputat Gülər Əhmədova isə, qeyd edib ki, tikinti sahəsində olan problemləri həll etmək üçün yeni tikilən binalar sığortalanmalıdır və qanunsuz tikintiyə görə maddi təzminat məsələsi artırılmalıdır.

Spiker Oqtay Əsədov deputatları bu məsələdən siyasi ambisiyalarını ortaya qoymaq üçün istifadə etməkdə ittiham edib: "Pənah Hüseyn, bilmədiyin şeyi danışma və burada populist çıxışlar etmə".

Xəbər lenti

Xəbər lenti