...

Azərbaycan parlamenti "Sığorta fəaliyyəti haqqında" qanun layihəsini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/"Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsinə əsasən xarici vətəndaşların və şirkətlərin Azərbaycanda sığorta şirkəti təsis etməsinə qoyulan məhdudiyyət aradan qaldılırıb. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında "Sığorta fəaliyyəti haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub və qəbul edilib.

1999-cu ildə qəbul olunan və hazırda qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" qanuna görə, xarici vətəndaşlar və şirkətlər Azərbaycanın sığorta şirkətlərinin Nizamnamə kapitalının yalnız 49% sahib ola bilərdilər. Yein qanun layihəsi ilə bu məhdudiyyət aradan qaldırılıb.

Qanun layihəsi haqqında məlumat verən parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri, deputat Ziyad Səmədzadə bildirib ki, 2006-cı ildə sığorta sahəsində yığım 0,51% olub. Bu isə adambaşına 11 manat təşkil edir: "Dünya ölkələrində bu rəqəm orta hesabla 500 dollardır. Bəzi inkişaf etmiş ölkələrdə isə sığorta sahəsindən gələn gəlir adambaşına 3-5 min dollar təşkil edir".

Komissiya sədri qeyd edib ki, Azərbaycanın sığorta sektoru ölkənin ümumi inkişafından geri qalır. "Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsinin qəbul olunması zərurətinə toxunan Səmədzadə bildirib ki, Azərbaycanda hazırda qüvvədə olan sığorta qanunvericiliyi ölkənin inkişaf tempinə və beynəlxalq standartlara cavab vermir. Bu , sığorta bazarına təsadüfi şəxslərin daxil olmasına şərait yaradıb: "Bu isə sığorta olunanların və sığortaçıların maraqlarına cavab vermir. Ona görə də yeni qanunun qəbuluna zərurət yaranıb".

Səmədzadə qeyd edib ki, Azərbaycanda 29 sığorta şirkəti və bu şirkətlərin 83 nəfər təsisçisi var. Sığorta şirkətlərinin Nizamnamə kapitalının ümumi məbləği 53 milyon manatdır.

8 sığorta şirkətinin təsisçisi xarici şirkətlərdir. Onların Nizamnamə kapitalı 4,5 milyon manatdır.

"Sığorta fəaliyyəti haqqında" yeni qanun layihəsi 15 fəsil və 144 maddədən ibarətdir. Hazırda qüvvədə olan qanunla müqayisədə yeni layihəyə 120 maddə əlavə olunub.

"Qanun layihəsinə yeni məsələlər əlavə olunub. Layihədə çirkli pulların yuyulması, korrupsiya nəticəsində əldə olunan vəsaitlərin leqallaşdırılması, həmin vəsaitlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsinin qarşısının alınması, sığorta fəaliyyətinə lizenziyanın verilməsi, lisenziya verilməsindən imtina olunmasının səbəbəlri kimi məsələlər əks olunub", -deyə Səmədzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti