...

Azərbaycan prezidenti Vilnüsə səfər edəcək

Siyasət Materials 10 Oktyabr 2007 01:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Vilnüsdə keçiriləcək enegetika sahəsində təhlükəsizlik məsələlərinə həsr olunan sammitdə iştirak edəcək.

Sammitə prezidenlər Mixail Saakaşvili (Gürcüstan), Valdas Adamkus (Litva), Lex Kaçinski (Polşa), Viktor Yuşenko (Ukrayna) dəvət olunublar.

Litva prezidentinin mətbuat xidmətindən bir müddət öncə Trend ə verilən məlumata görə, sammit oktyabrın 10-da günün ikinci yarısında "Enerji daşımalarının yeni yolları: Krakov konfransından sonra fəaliyyət" mövzusunda dəyirmi masa ilə başlanacaq. Sonra mətbuat konfransının keçirilməsi və işgüzar şam yeməyinin təşkili planlaşdırılır ki, bu zaman Avropa Şurasının energetika üzrə komissarı Andris Piebalqs "Avropa İttifaqının qlobal enerji problemlərinə cavabı" mövzusunda məruzə ilə çıxış edəcək.

Növbəti gün "Reval Hotel Lietuva" mehmanxanasında Litva prezidentinin "Aİ-nin xarici energetika siyasətinin inkişafı ilə bağlı təkliflər" mövzusunda məruzə ilə çıxış edəcəyi konfrans başlanacaq. Daha sonra "Enerji təhlükəsizliyi sahəsində qlobal problemlər və Aİ-nin xarici energetika siyasəti" mövzusunda dəyirmi masa keçiriləcək.

Növbəti dəyirmi masa "Enerji bazarının genişləndirilməsi məqsədilə Xəzər və Qara dəniz regionları ilə energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi" məsələlərinə həsr olunacaq. Sözugedən dəyirmi masa Azərbaycan prezidenti İlham Əliyevin nitqi ilə açılacaq. Burada Rumıniya prezidenti Trayan Basesku, Ukrayna prezidenti Viktor Yuşenko, Gürcüstanın baş naziri Zurab Noqaideli, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Baymırat Xocaməhəmmədov, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Məhmət Hilmi Gülər və digərlərinin çıxış edəcəkləri gözlənilir. Nahardan sonra konfransın yekunları olacaq və mətbuat konfransı keçiriləcək.

Konfransda ABŞ-ın dövlət katibinin köməkçisi Metyu Brayzanın, həmçinin, 20 -dən çox ölkədən olan nümayəndənrin iştirak edcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti