...

Amerikalı politoloq: Qəbələ RLS ilə bağlı məsələnin həlli suveren Azərbaycanın öz əllərində olmalıdır

Siyasət Materials 14 Oktyabr 2007 13:34 (UTC +04:00)
Amerikalı politoloq: Qəbələ RLS  ilə bağlı məsələnin həlli suveren Azərbaycanın öz əllərində olmalıdır

Rusiya, Moskva / Trend müxbir R.Ağayev / ABŞ-ın dünya təhlükəsizliyi İnstitutunun Rusiya və Asiya proqramlarının rəhbəri, politoloq Nikolay Zlobinlə eksklüziv müsahibə

- Raket əleyhinə müdafiə (RƏM) məsələləri ilə Moskvada keçirilən Rusiya-ABŞ məsləhətləşmələri və ikitərəfli danışıqlar perspektivlərinə dair nə düşünürsüz?

- Hazırkı məsləhətləşmələrin heç bir perspektivini görmürəm. Zənnimcə, onlar artıq çoxdan başlanılan danışıqlar prosesinin bir hissəsi kimi əsasən inersiya üzrə gedir və bu vaxtadək həmin məsləhətləşmələrin pozitiv nəticələri əldə olunmayıb. Bu məsləhətləşmələrin keçirilməsi faktı artıq özü özlüyündə pozitiv addımdır, lakin digər tərəfdən bu perspektivsiz danışıqlardan müəyyən yorğunluq əmələ gəlir. Tərəflərin heç birisi yeni ideyaları təklif etmir, siyasi iradə nümayiş etdirmir, danışıqlar üzrə tərəfdaşına münasibətdə inamı artırmır. Ona görə də düşünürəm ki, danışıqların bu raundu heç nə ilə nəticələnəcək.

- Rusiya ilə ABŞ gələcəkdə raket əleyhinə müdafiə probleminin həllində nə kimi addımlar atacaqlar?

- Qeyd etmək lazımdır ki, RƏM problemi həm də ABŞ-ın daxili siyasi problemidir. Bu həm də Amerika istebleşmenti üçün həyata keçirilməsi vacib olan və Buş administrasiyasının xarici siyasət doktrinasında yer alan məsələlərdən biridir. ABŞ-ın atacağı addımlar əsasən Amerikada daxili siyasi durumun inkişafından asılıdır. Halbuki bu məsələdə inersiya kifayət qədər güclüdür və Buş administrasiyasından asılı olmayaraq RƏM sisteminin və onun elementlərinin Şərqi Avropada yerləşdirilməsi gələn ilin noyabrında kimin seçiləcəyindən asılı olmayaraq, yəni həm də demokrat prezident tərəfindən həyata keçiriləcək. Hazırkı mərhələdə amerikalılar RƏM elementlərinin Çexiya və Polşada yerləşdirilməsi istiqamətlərində səylərini davam etdirəcəklər. Düşünürəm ki, burada ABŞ-ı dayandırmaq praktiki olaraq mümkün deyil. Çünki onlar bu məsələni milli maraqlarının müdafiəsi kimi nəzərdən keçirirlər. Amerikalılar öz milli maraqlarından bəhs edəndə isə istənilən məntiqi və qeyri-məntiqi arqumentlər sadəcə qüvvəsini itirir. Ona görə də bu baxımdan heç nə dəyişməyəcək. Rusiyaya gəldikdə isə Moskva ABŞ üçün istər Avropa, istər də bütövlükdə Avrasiya regionunda İran, İraq və s. məsələlərdə nüvə silahının yayılmaması istiqamətindəki əməkdaşlıqla bağlı vəziyyəti mürəkkəbləşdirəcək reaksiya qismində bir sıra addımlar atacaq. Rusiyanın reaksiyası gələcəkdə Pentaqon və Ağ evə başağrı ola biləcək yerlərdə ABŞ üçün başağrısına çevriləcək. Ona görə də Rusiyadan anti-Amerika xarakterli qətiyyətli və sərt addımlar gözləmək lazımdır. Rusiya amerikalılar üçün mümkün qədər çox problem yaratmağa çalışacaq. Bununla Moskva ABŞ-a göstərəcək ki, Rusiya ilə əlaqələri Çexiya və Polşadakı RƏM elementlərinə görə korlamağa dəyməz və Rusiya Birləşmiş Ştatlar üçün onların təsəvvür etdiyindən də faydalı ola bilər.

- Bu məsələdə Azərbaycanın rolu nədən ibarətdir? Qəbələ RLS ilə nə baş verəcək? Rusiya obyektin birgə istifadəsi ilə bağlı təklifinin üstündə duracaq yaxud da yeni təkliflər ortaya çıxacaq?

- Mütləq nəzərə almaq lazımdır ki, bu məsələdə yekun söz Azərbaycanın olmalıdır. Heç bir halda, hətta ritorikada bu məsələnin həllini ABŞ yaxud da Rusiyanın ixtiyarına vermək olmaz. Mənə elə gəlir ki, əks halda Azərbaycan bu disskusiyalardan kənarlaşdırıla və iki fövqəldövlətin manipulyasiya etdiyi ölkəyə çevrilə bilər. Zənnimcə, bu cür danışıqlarda prioritetləri və maraqları düzgün müəyyənləşdirmək lazımdır. Postsovet ölkələrinin əksəriyyəti təhlükəsizlikləri ilə bağlı danışıqlarda öz həlledici rollarını təsdiqləyə bilmədilər və nəticədə uduzdular. Ona görə də burada daim Azərbaycanın milli maraqlarını önə çəkmək vacibdir və amerikalıların yaxud da rusların nə təklif etməsindən asılı olmayaraq məhz bu milli maraqlardan çıxış etmək lazımdır. Düşünürəm ki, amerikalılar rusların Qəbələ RLS-nin birgəsi istifadəsi ilə bağlı müəyyən mənada təkliflərini qəbul edəcəklər. Digər tərəfdən bu, heç bir halda ABŞ-ın RƏM elementlərinin Şərqi Avropada yerləşdirilməsi planlarını təxirə salmayacaq. Bu halda Rusiya uduzmuş olacaq. Çünki amerikalılar prezident Putinin təklifinin bir hissəsini qəbul edəcəklər, digərini isə yox. Rusiya öz ərazisindən kənarda RƏM elementlərindən imtina etmək kimi strateji məqsədləri güddüyü üçün elə alına bilər ki, 2012-ci ildən sonra amerikalılar təkbaşına Azərbaycanda işləmək imkanı qazana biləcəklər. Lakin bu məsələ ilə bağlı ABŞ-da ciddi narahatçılıq var. Həm Pentaqonda, həm də Dövlət departamentində ehtiyatlanırlar ki, bu, İrana olduqca yaxın olacaq və amerikalıların Şərqi Avropada həll etmək istədikləri kompleks problemləri çözməyəcək. Eyni zamanda bunun Cənubi Qafqazın təhlükəsizliyinə necə təsir göstərəcəyinə dair narahatçılıqlar var. Yəni bilinmir hadisələrin müvafiq istiqamətdə inkişaf etməsi Azərbaycanın Ermənistanla qarşıdurmada mövqelərini nə qədər zəiflədib-zəiflətməyəcək, Azərbaycanın ABŞ-la strateji əməkdaşlığa getmək hazırlığı necə olacaq, Azərbaycan-Rusiya münasibətlərini nə dərəcədə mürəkkəbləşdirəcək. Bu problemlərlə bağlı hələlik amerikalı ekspertlər konkret cavab tapa bilmirlər. Düşünürəm ki, bu, Azərbaycan üçün çox önəmli məsələdir. Çünki bu məsələ gələcək perspektivdə ölkənin geosiyasi inkişafına böyük təsir göstərəcək. Azərbaycan bu məsələdə strateji cəhətdən çox şey uda bilər, lakin eyni zamanda taktiki cəhətdən məğlub olar bilər və ya əksinə. Ona görə də prioritetləri və milli maraqları düzgün müəyyənləşdirmək lazımdır, eyni zamanda xarici siyasət xəttini düzgün istiqamətləndirmək gərəkdir. Əks halda böyük dövlətlərin Azərbaycana olan marağı yoxa çıxa bilər yaxud da Azərbaycan ziddiyyətlər nöqtəsinə çevrilə bilər, buna isə heç bir halda imkan vermək olmaz. Eyni ilə imkan vermək olmaz ki, Azərbaycan Rusiya-ABŞ münasibətlərində Gürcüstanın oynadığı rolu oynasın. Hər halda bundan ən çox uduzan elə Gürcüstanın özüdür. Azərbaycanı Rusiya ilə ABŞ arasındakı anlaşmanın nöqtəsinə çevirmək daha məqsədəuyğundur. Ona görə də bu problemin həlli suveren Azərbaycanın öz əllərində olmalıdır.

- ABŞ Konqresinin "erməni soyqırımı"nı tanıması və ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında tutduğu passiv mövqe nəzərə alınsa, Birləşmiş Ştatlar Qəbələ RLS-ni icarəyə götürməklə Azərbaycanda 2012-ci ildən sonra nə dərəcədə möhkəmlənə bilər?

- Qarabağla bağlı yeni qarşıdurma istisna deyil. Bu həm də ona görə baş verəcək ki, ATƏT-in Minsk qrupu çərçivəsindəki danışıqlar praktiki olaraq heç bir yerə aparmır və bu müzakirələrdən böyük yorğunluq müşahidə edilir. Düşünürəm ki, amerikalılar anlayırlar ki, Azərbaycanla əlaqələrin istənilən halda güclənməsi Cənubi Qafqazdakı qüvvələr balansının dəyişməsinə gətirib çıxaracaq, konkret olaraq Dağlıq Qarabağ məsələsində, nəticədə bu fakt bir çoxlarını dayanmağa məcbur edir. Digər tərəfdən ABŞ Konqresi tərəfindən "erməni soyqırımı"nın tanınması Birləşmiş Ştatların regiondakı vacib tərəfdaşı olan Türkiyə ilə münasibətlərini korlayacaq və bu ölkənin ABŞ-a yanaşmasını dəyişəcək. Hələ amerikalılar bu "soyqırımı"nın tanınması məsələsində heç vaxt belə uzağa getməməşdilər. Bu məsələ hər il qaldırılırdı, lakin müxtəlif səbəblərdən-hüquqi, tarixi, hərbi və s. hər dəfə təxirə salınırdı. Bu məsələ onsuz da Dövlət departamenti, Pentaqon və Buş administrasiyası tərəfindən güclü müqavimətlə rastlaşır, lakin Konqresi daha çox ABŞ-ın imici və digər məsələlər düşündürür. Prinsip etibarilə bu, Vaşinqton, Konqres ətrafında türk, Azərbaycan və erməni lobbi təşkilatlarının mübarizəsinin nəticəsidir. Nəticədə elə alındı ki, sonuncu mərhələdə ermənilərin səyləri müəyyən qələbələrə gətirib çıxarmağa başladı. Halbuki erməni təşkilatları uzun illər ərzində bu məsələdə məğlub olurdular. Bu, ABŞ üçün bu regionda vəziyyəti dəyişə biləcək məsələdir və bu baxımdan Birləşmiş Ştatlar müəyyən mənada çətinliklərlə üzləşə bilər.

Xəbər lenti

Xəbər lenti