...

Almaniyalı deputat: " "Yeni qonşuluq siyasəti" Proqramının həyata keçirilməsi Azərbaycanın Avropa İttifaqına daxil olması üçün zəmin yarada bilər"

Siyasət Materials 16 Oktyabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" Proqramında qeyd olunan prinsiplərin həyata keçirilməsi on ildən sonra Azərbaycanın Avropa İttifaqına daxil olması üçün zəmin yarada bilər. Bu barədə çərşənbə axşamı Azərbaycanda səfərdə olan Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri, Almaniya Bundestaqının üzvü Şteffen Rayxe Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşündə bildirib.

"Avropa İttifaqı "Yeni qonşuluq siyasəti" Proqramının həyata keçirilməsinə böyük əhəmiyyət verir. Biz bu ambisiyalı layihənin həyata keçiriləcəyinə inanırıq. Bu layihənin reallaşdırılması 5-10 ildən sonra Azərbaycanı Cənubi Qafqazın azad iqtisadi zonasına çevirə bilər", -deyə Rayxe əlavə edib.

Azərbaycan 2005-ci ildən Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" Proqramına qoşulub.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə, qeyd edib ki, Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyası məsələsində ölkənin siyasi qüvvələri arasında konsensus var: "Həm hakimiyyət, həm də müxalifət Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir. Bunun üçün keçmiş avtoritar məkan olan Azərbaycanda islahatlar aparılmalı və ölkələ Avropa dəyərləri bərqərar olmalıdır".

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın böyük rol oynadığını bildirən Mollazadə vurğulayıb ki, həyata keçirilən layihələr buna xidmət edir.

"Cənubi Qafqazın iki ölkəsi-Azərbaycan və Gürcüstan bölgədə sülh olmasını istəyir. Amma Ermənistan buna imkan vermir. Ermənistanın həyata keçirdiyi siyasət Azərbaycan və Gürcüstanın inkişafına ziddir və daha çox İran və Rusiya ilə bağlıdır. Ermənistan böyük bir hərbi bazaya çevrilib", -deyə Mollazadə əlavə edib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllinə Almaniya Bundestaqının kömək etməsi vacibdir.

Xəbər lenti

Xəbər lenti