...

İran politoloqu: " Əhmədinejadın təhdid xarakterli bəyanatına görə Laricani istefa verib"

Siyasət Materials 20 Oktyabr 2007 16:04 (UTC +04:00)
İran politoloqu: " Əhmədinejadın təhdid xarakterli bəyanatına görə Laricani istefa verib"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranın Təhlükəsizlik Şurası sədrinin istefasi, İran prezidentinin daxili və xarici qüvvələrə qarşı təhdid xarakterli bəyanat verməsi

ilə bağlıdır. "Əhmədinejadın təhdid xarakterli bəyanatına görə Laricani istefa verib"-deyə, İran politoloqu İsa Səhərxiz (İsa Saharkhiz) bildirib.

Oktyabrın 20-də İranın Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin istefasi İran rəsmiləri tərəfindən təsdiq olunub. Bundan əvvəl, dəfələrlə Laricaninin İran prezidenti Mahmud Əhmədinejadla fikir ayrılıqları barədə məlumatlar eşidilirdi. Vladimir Putinin oktyabrın 16-da nüvə proqramı ilə bağlı İrana verdiyi təklifini Laricaninin təsdiq, Əhmədinejadın təkzib etməsi də mübahisəli olub.

Səhərxiz şənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, Laricani diplomatik yollarla xarici təhdid və münaqişələri aradan qaldırmağa cəhd göstərdiyi zaman, Əhmədinejadın təhdid xarakterli bəyanatları və siyasəti hər zaman vəziyyəti İran üçün gərginləşdirib.

"Əhmədinejad dövlət rəsmilərinin heç birinin ölkənin nüvə fəaliyyətinə münasibət bildirməsinə və xarici təşkilatlarla müzakirə etməsinə razı olmayıb. Əhmədinejad- Laricaninin münaqişəsi İranın sabiq nüvə təşkilatının xarici əlaqələr sözçüsü Həsən Ruhaninin keçən ay Almaniyaya getməsi ilə daha şiddətlənib -"deyə Səhərxiz bildirib.

Ruhanı sentyabr ayında nüvə məsələləri üzrə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə baş komissarı Xavyer Solana ilə müzakirə etmək üçün Almanyaya səfər etmişdi. İranın İSNA agentliyinin yaydığı məlumata əsasən, Əhmədinejad, onun səfəri zamanı verdiyi bəyanatda bildirib:" bəzilərinin özbaşına xaric ilə müzakirə etmək istəyir. Mən onlara ciddi xəbərdarlıq edirəm ki, bu işə qarışmasınlar.

Səhərxizin fikrincə, Əhmədinejad bu sözlərlə Ruhaniyə yox, Laricaniyə xəbərdarlıq edib. Buna görə də, onda Laricani şifahi şəkildə istefa verib və keçən həftə istefasını yazılı şəkildə Əhmədinejada təqdim edib.

"Yalnız Laricaninin deyil , İranın xarici işlər naziri Mənuçehr Müttəkinin də Əhmədinejadla ciddi fikir ayrılıqları var"-deyə, İran politoloqu bildirib.

Səhərxizin fikrincə, Laricaninin istefasının Putinin təklifinə dəxli yoxdur.

Oktyabrın 16-da Xəzəryanı ölkələrin sammitində iştirak etmək üçün İrana səfər edən Rusiya prezidenti Vladimir Putin ölkənin dini rəhbəri Əli Xameneyiyə (Khamenei) yeni təklif verib. İranın İRNA agentliyinin məlumatına əsasən, bu təklifin nədən ibarət olduğu məlum deyil. Ölkənin Təhlükəsizlik Şurasının sədri Əli Laricani isə, verilən təklifin İranın nüvə fəaliyyəti ilə əlaqədar olduğunu bildirərək, rəsmi Tehranın bu təklifi araşdıracağını bildirir. Buna baxmayaraq, İran prezidenti Mahmud Əhmədinejad Putinin İranın nüvə fəaliyyəti barədə təklif verməsini təkzib edib.

Xəbər lenti

Xəbər lenti