...

Türkiyənin terrorla mübarizə üzrə Ali Şurası ölkənin cənub-şərqində vəziyyətin gərginləşməsi ilə bağlı fövqəladə toplantı keçirir

Siyasət Materials 22 Oktyabr 2007 00:25 (UTC +04:00)
Türkiyənin terrorla mübarizə üzrə Ali Şurası ölkənin cənub-şərqində vəziyyətin gərginləşməsi ilə bağlı fövqəladə toplantı keçirir

Türkiyənin terrorla mübarizə üzrə Ali Şurası oktyabrın 21-də axşam fövqəladə toplantıya yığışıb. Məqsəd ölkənin cənub-şərqində vəziyyətin gərginləşməsi ilə bağlı tədbirlər görməkdir. Toplantı prezident Abdulla Gülün sədrliyi ilə keçirilir. ( RİA Novosti )

Oktyabrın 20-dən 21-nə keçən gecə İraqla sərhəd zonasında yerləşən Həkkəri vilayətində kürd separatçıları türk ordusuna qarşı son illər ərzində ən irimiqyalı hücumu həyata keçiriblər. Hərbi kolonunun keçdiyi körpünün partladılması nəticəsində 17 hərbçi həlak olub. Buna cavab olaraq bölgədə yerləşən qoşun qruplaşmaları separatçılara qarşı genişmiqyaslı əməliyyata başlayıblar. Türk silahlı qüvvələrinin baş qərargahının yaydığı məlumata əsasən İraqla sərhəddə aparılan əməliyyət nəticəsində 32 kürd separtçısı məhv edilib.

NTV telekanalının türk silahlı qüvvələrinin baş qərargahına istinadən verdiyi xəbərə görə, zərbələr 63 hədəfi əhatələyir. Məlumatda qeyd olunub ki, artileriya kürd döyüşçülərinin İraqla sərhəd zonasında yerləşdiyi ərazilərə zərbələr endirir. Türk KİV-ləri həmçinin bildiriblər ki, kürd separatçıları 10-dək hərbçini əsir götürüblər. Bu xəbəri Belçikada fəaliyyət göstərən və separatçı Kürd Fəhlə Partiyasının əsas ruporu sayılan "Evfrat" agentliyi də yayıb. Hələlik türk hərbçiləri bu xəbəri təsdiqləməyiblər.

Həkkəri vilayətində bazar günü kürd separtçılarının qoyduğu minada avtobus partlayıb. Hadisə nəticəsində 14 nəfər yaralanıb.

Türkiyə prezidenti Abdulla Gül bəyan edib ki, ölkə hökuməti kürd separatçılarının terror əməllərinə qarşı qətiyyətli tədbirlər görəcək.

"Türkiyə terrora qarşı mübarizədə qəti mövqedə dayanır. Əgər İraqın özü terror problemini həll etməsə, biz terrorçu Kürd Fəhlə Partiyasını məhv etmək hüququmuzdan yararlanacağıq"-deyə Gül vurğulayıb.

Bu günlərdə Türkiyə parlamenti hökumətə İraqın şimalında hərbi əməliyyatların keçirilməsinə icazə verən qərar layihəsini təsdiqləyib. Müşahidəçilər yaranmış vəziyyətlə əlaqədər türk ordusunun kürd separatçılarını məhv etmək məqsədilə İraqın şimalına daxil olacağını istisna etmirlər. Türk hərbçilərinin məlumatlarına əsasən orada separatçıların sayı 3,5 min nəfərə çatır.

BMT və AB-nin terrorçu təşkilat kimi tanıdığı Kürd Fəhlə Partiyası 1984-cü ildən Türkiyənin cənub-şərqində kürdlərin müstəqilliyi uğrunda mübarizə aparır. Münaqişə artıq 40 min nəfərin həyatına son qoyub. Türkiyə hökuməti sözügedən təşkilatla danışıqlar aparmaqdan imtina edir və onu güc vasitəsi ilə məhv etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti