...

Müsavat Partiyasının başqanı müsavatçı deputatın istefasını təəccüblə qarşılayır

Siyasət Materials 23 Oktyabr 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın "Avropa Liberal Demokratik İslahatçılar Partiyası" adlı beynəlxalq quruma üzv olmasına etiraz edən partiya nümayəndələrini başa düşmədiyini deyir. İsa Qəmbər bu barədə çərşənbə axşamı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Müsavat Partiyasının Məclisi 2006-cı ilin dekabrında Avropa Liberal Demokratik İslahatçılar Partiyasına qoşulmaq barədə qərar qəbul etmişdi. Partiya 2007-ci ilin martında bu təşəbbüsü barədə həmin beynəlxalq quruma müraciət ünvanlayıb. Beynəlxalq qurumun oktyabrın 18-19-da Berlində keçirilən qurultayında Müsavat Partiyası üzvlüyə qəbul olunub.

Miliyyətçi partiya kimi tanınan Müsavatın liberalizm ideologiyalı təşkilata qoşulmasına etiraz olaraq, müsavatçı deputat Nəsib Nəsibli Məclis üzvlüyündən istefa verib.

Qəmbər bildirib ki, Müsavat Partiyası beynəlxalq quruma qoşulmaq barədə 10 ay əvvəl qərar çıxardığı halda, partiyanın təşkilata üzv qəbul edildikdən sonra Nəsiblinin bu addımı atması təəccüblüdür: "Dostlarımızın mövqeyində ciddi yanlışlıqlar var. Hələ 100 il əvvəl "İnsanlara hüriyyət" devizini irəli sürən Müsavat Partiyasının mahiyyətində liberalizm ideologiyası var idi. Dostlarımızın həqiqətləri təftiş etməsi mənim üçün təəccüblüdür"-deyə Müsavat Partiyasının başçısı bildirib.

Onun sözlərinə görə, 40-a yaxın ölkənin liberal partiyalarını birləşdirən "Avropa Liberal Demokratik İslahatçılar Partiyası" yeni üzvü Müsavat Partiyası qarşısında heç bir şərt qoymayıb.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiya özünü XX əsrin əvvəlində Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış Müsavat Partiyasının varisi və onun ideologiyasının davamçısı hesab edir. Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə), 2003-cüilin prezident seçkilərində prezidentliyə namizəd olub. Partiya hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti