...

Müxalifətyönlü partiya Dağlıq Qarabağ problemi ilə bağlı təkliflərini dövlət başçısına ünvanlayıb

Siyasət Materials 24 Oktyabr 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Dağlıq Qarabağ probleminin həlli istiqamətində partiyanın təklifləri ilə bağlı, çərşənbə günü dövlət başçısı İlham Əliyevə məktub göndərib. Bu barədə ADP-dən məlumat verilib.

Məktubda bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərindən qovulmuş məcburi köçkün və qaçqınların mülkiyyət hüquqları müdafiə olunmalıdır. Həmçinin, təklif olunur ki, oktyabrın 15-də BMT Təhlükəsizlik Şurasının qonşu Gürcüstanın seperatçıların nəzarətində olan Abxaziya ərazisi haqqında qəbul etdiyi qətnaməyə analoji olaraq, Dağlıq Qarabağla da bağlı qətnamənin qəbul edilməsi istiqamətində Azərbaycan diplomatik səylərə başlasın. ADP təklif edir ki, Ermənistanın qonşularına qarşı ərazi iddiaları ilə bağlı, Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanın iştirakı ilə ya dövlətlərarası, ya da qeyri- dövlət təşkilatlarının işitrakı ilə birlik yaradılmalıdır. ADP hesab edir ki, bunun üçün Azərbaycan iqtidarı təşəbbüs göstərməlidir.

Bundan əvvəl ADP "Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həllinə dair konsepsiya"sını iqtidara təqdim etmişdi.

Sağ təmayüllü, müxalifətyönlü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti