...

Azərbaycanın hakim partiyasının sədr müavini: "Müxalifət İlham Əliyevin yüksək şansına hər hansı təhlükə yaratmaq imkanında deyil"

Siyasət Materials 26 Oktyabr 2007 11:22 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini: "Müxalifət İlham Əliyevin yüksək şansına hər hansı təhlükə yaratmaq imkanında deyil"

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli/Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Trend ə müsahibəsi

-Venesiya Komissiyası Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı məsələni müzakirəyə çıxaracaq. YAP qanuna dəyişikliklərin tərəfdarıdır?

Azərbaycan Konstitusiyasının müəyyənləşdirdiyi hüquqlar çərçivəsində ölkəmizdə insanların sərbəst toplaşmaq hüququnu tənzimləyən qanunvericilik bazası formalaşdırılıb. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunda insanların, siyasi partiyaların sərbəst şəkildə toplaşıb, öz fikirlərini ifadə etmək imkanları, hüdudları müəyyənləşdirilib. Təbii ki, dünya təcrübəsində olduğu kimi Azərbaycanda da qanunvericiliklə azadlıqlar bəzi hallarda məhdudlaşdırıla bilər. Bu, sərbəst toplaşmaq azadlığına da aiddir. İkinci bir tərəfdən, dünya standartlarına görə, insanların sərbəst toplaşmaq hüququnu həyata keçirilməsinə şəraitin yaradılması nöqteyi-nəzərdən yerli icra strukturları ilə əlaqəli şəkildə fəaliyyət göstərilə bilər. Ona görə də toplaşmaq hüququndan istifadə etmək istəyən siyasi təşkilatlar yerli icra orqanları ilə əlaqəli şəkildə bu hüquqlarının həyata keçirilməsinə çalışmalıdırlar. Mən belə hesab edirəm ki, bu, tamamilə sivil normadır. Bu normanın əleyhinə çıxmaq düzgün olmazdı. Siyasi təşkilatlar sərbəst toplaşmaq hüququndan kifayət qədər istifadə edə bilirlər. Əgər Venesiya Komissiyasının bu qanunun təkmilləşdirilməsinə xidmət edə biləcək təklifləri olarsa, həmin təkliflər müzakirə predmeti ola bilər. Ancaq hesab edirəm ki, kütləvi aksiyaların keçirilməsi icra orqanları ilə razılaşma şəkilində olmalıdır. Əks halda bəzi məqamlarda problemlər yarana bilər.

Müsavat başqanı İsa Qəmbər keçirdiyi son mətbuat konfransında bəyan edib ki, prezident seçkilərində əsas mübarizə onunla İlham Əliyev arasında olacaq. Bu bəyanat YAP-da necə qarşılanıb?

İlham Əliyevin prezident seçkilərində birmənalı qəbul olunan namizəd qismində çıxış etməsi nəinki Azərbaycanda, beynəlxalq təşkilatlarda da qəbul edilən gerçəklikdir. Bunun da köklü əsasları var. Hesab edirəm ki, İlham Əliyevin 4 il ərzində Azərbaycana rəhbərlik etməsi ölkənin bütün sahələrinin inkişafı ilə müşahidə olunub. Təbii ki, seçki prosesinə qoşulmaq istəyən digər namizədlər də ortaya çıxacaq. Ancaq digər namizədlərin İlham Əliyevlə ciddi rəqabət aparmaq parametrlərinə malik olduğunu söyləmək çətindir. Əgər İsa Qəmbər özünü İlham Əliyevə rəqib hesab edirsə, öz işidir. Lakin gerçəklik, ictimai ovqatın mövcudluğundan çıxış edərək, qeyd edəcəyimiz reallıq ondan ibarətdir ki, İlham Əliyev 2008-ci prezident seçkilərində alternativsiz namizədidir. Təhlillərim ona əsas verir ki, Azərbaycan müxalifətinin İsa Qəmbərdən başqa digər namizədləri də olacaq. Müxalifət istər bir, istərsə də bir neçə namizədlə seçkiyə qatılsa belə, İlham Əliyevin yüksək şansına hər hansı təhlükə yaratmak imkanında deyillər.

YAP seçkiyə qatılan müxalifətlə hər hansı mövzuda əməkdaşlıqa hazırdırmı?

YAP-ın namizədinə alternativ olan hər bir namizəd partiyanın rəqibi olacaq. Biz hər hansı əməkdaşlıqdan yox, seçki qanunvericiliyinə kömək edəcək təkliflərin müzakirə edilməsinin tərəfdarıyıq. Ancaq qanunvericiliyin təkmilləşdirilməsi adı altında bəzi halda siyasi partiyalar başqa reallıq kimi başa düşürlər. YAP Seçki Məcəlləsinin təkmilləşdirilməsinin tərəfdarıdır, amma heç bir qanunvericilik bazasının konkret bir partiyanın istəyinə uyğun formalaşdırılması mümkün deyil. Seçki qanunvericiliyinin kimlərinsə iradəsunə uyğun olaraq, sınaq meydanına çevrilməsi düzgün deyil. Bu cür mövqe demokratik dəyərlərə sığmır.

ATƏT-in Bakı Ofisi siyasi partiya liderleri ilə yaxın vaxtlarda görüşlər keçirib və əsas mövzulardan biri iqtidar-müxalifət dialoqunun baş tutması olub. Sizcə, seçkiöncəsi bu dialoq gerçəkləşə bilər?

YAP Azərbaycanda mövcud olan siyasi partiyaların beynəlxalq təşkilatlar tərəfindən bir araya gətirilməsinin tərədarı deyil. Daha yaxşı variant odur ki, partiyaların özləri dialoqun baş tutuması üçün ümumi mövzular müəyyənləşdirə bilsin. Partiyalar ilk növbədə buna səy göstərməlidir. Digər bir tərəfdən, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Bakı Ofisi iqtidar-müxalifət dialoqu yolu ilə Azərbaycanda demokratiyanın inkişafına öz töhfəsini vermək istəyirsə, burada da ciddi qəbahət görmürəm. Əgər ATƏT bütün siyasi partiyaları maraqlandıra biləcək, onlar arasında ciddi diskusiya predmetinə çevrilə biləcək mövzuları, ideyaları ortaya qoya bilsə, YAP buna müsbət cavab verəcək.

Azərbaycanın hakim partiyası Türkiyədəki həmkarlarının İraqda antiterror əməliyyatlarının keçirilməsinə dair qərarını necə qiymətləndirir?

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizə aparan koalisiyanın tərkibində fəaliyyət göstərir. Azərbaycanın özü dəfələrlə Ermənistan tərəfindən terrorizmə məruz qalıb. Bu baxımdan istənilən yerdə terrorizmə qarşı aparılan mübarizəni Azərbaycan hökuməti dəstəkləyir. O cümlədən türklərə qarşı çevirilmiş terorrizmə qarşı mübarizəni YAP dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti