...

Polislər QAT-ın hərbi turnirin növbəti mərhələsini keçirməsinə imkan verməyiblər

Siyasət Materials 29 Oktyabr 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatının (QAT) bazar ertəsi, Azərbaycanın Zəngilan rayonunun ermənilər tərəfindən işğalının 14-cü ildönümü günü "Azad Qarabağ uğrunda mübariz döyüşçü" adlı hərbi turnirinin 5-ci mərhələsini keçirmək cəhdi baş tutmayıb. Bu barədə bazar ertəsi Trend ə QAT-dan məlumat verilib.

QAT-ın Bakının Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzində keçirmək istədiyi yarışa polis əməkdaşları mane olublar. Stend atıcılığı mərkəzinin girişində Binəqədi polis idarəsinin əməkdaşları yolu bağlayaraq, turnir iştirakçılarının içəri keçməsinə imkan verməyiblər. Bir saat ərzində davam edən qarşıdurmadan sonra polislər QAT -çıları həmin ərazidən uzaqlaşdırıblar. Hadisə yerində olan polislər bildiriblər ki, Binəqədi rayon İcra Hakimiyyəti və rayon polis idarəsi həmin yerdə QAT-ın hər hansı tədbir keçirməsini qadağan edib. Onlar bu qadağanın səbəbi barədə açıqlama verməyiblər.

Hadisə ilə bağlı QAT bazar ertəsi bəyanat yayıb və bildirib ki, hakimiyyət və onun yerlərdəki strukturları hər hansı vətənpərvərlik ruhunda tədbirin keçirilməsindən çəkinir, ölkədə hərbi- vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini istəmirlər: "Biz Prezident aparatından, Daxili İşlər nazirliyindən bu hadisəyə dərhal aydınlıq gətirilməsini tələb edirik"-deyə bəyanatda bildirilir.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. QAT, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə, 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında, Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla, 10 min nəfəri birləşdirir.

Xəbər lenti

Xəbər lenti