Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Siyasi partiyaların dövlətdən maliyyələşməsi həyata keçirilərkən partiyaların seçkilərdə iştirakı və parlamentdə təmsilçiliyi prinsipləri əsas götürüləcək. Trend in məlumatına görə, bu barədə çərşənbə günü Prezident Aparatı ictimai-siyasi şöbənin müdir müavini Ərəstun Mehdiyev açıqlama verib.
Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik edilərək partiyalara dövlət büdcəsindən maliyyə yardımları ayrılması məsələsi hazırda gündəmdədir və bununla bağlı təkliflər hazırlanır. Mehdiyevin sözlərinə görə, partiyaların maliyyələşdiriməsi Milli Məclisdə "Siyasi partiyalar haqqında" Qanunun təkmilləşməsi ilə bağlı aparılacaq müzakirələr zamanı həllini tapacaq.
Mehdiyev bildirib ki, parlamentin payız sessiyası dövründə, yəni bu ilin sonuna kimi həmin məsələyə baxıla bilər.
Prezident Aparatı rəsmisi bildirib ki, hazırda Azərbaycanda 52 siyasi partiya rəsmən qeydiyyatdan keçib. Amma onların hamısının real şəkildə siyasi məkanda fəaliyyəti hiss olunmur. Bir sıra partiyalar isə ardıcıl olaraq bütün seçkilərdə (prezident, parlament, bələdiyyə seçkiləri) öz namizədləri ilə iştirak ediblər.
"Partiyaların dövlətdən maliyyələşməsini həyata keçirərkən partiyaların potensialı, seçkilərdə topladığı səslər, üzvlərin sayı, regionlar üzrə əhatə dairəsi, parlamentidə iştirakı, orada yerlərinin sayı nəzərə alınacaq bu prinsiplərə uyğun yardımlar ayrılacaq. Hazırda bununla bağlı dünya təcrübəsi öyrənilir"-deyə Prezident Aparatı nümayəndəsi bildirib.