...

Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü ilə Milli Məclisə qanun layihəsi təqdim etmişdir

Siyasət Materials 31 Oktyabr 2007 21:20 (UTC +04:00)

Azərbaycan, Bakı Trend Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında "Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir.

Layihənin məqsədi yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təşkili, yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlığının qorunması, yol-nəqliyyat hadisələrinin qarşısının alınması sahəsində görülən tədbirlərin gücləndirilməsindən ibarətdir. Layihədə "Yol hərəkəti haqqında" Qanuna və inzibati Xətalar Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklərə əsasən inzibati Xətalar Məcəlləsinə ictimai qaydanın və əhalinin dincliyinin pozulmasına, bir çox hallarda yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan avtoxuliqanlıq əməlinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilmişdir. Eyni zamanda, Məcəllədə sanksiyaların ümumi hədləri artırılmaqla, yol hərəkəti qaydalarının pozulmasına, xüsusilə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə və ya idarəetmə hüququ olmadan idarə edilməsinə, nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən ortüklərin çəkilməsinə, müvafiq icazə olmadan nəqliyyat vasitələrinin xüsusi səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə məsuliyyət gücləndirilmiə, idarəetmə hüququ olmayan şəxslərə nəqliyyat vasitələrinin verilməsinə görə fiziki şəxslərlə yanaşı, vəzifəli şəxslərin və hüquqi şəxslərin də məsuliyyəti müəyyən edilmişdir. Bununla yanaşı, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi qaydası təkmilləşdirilmişdir.

Xəbər lenti

Xəbər lenti