Böyük Britaniya, London / Trend müxbir G.Əhmədova/ Milli Məclisin sədr müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti dünən Londonda görüşlərə başlayıb, Bu barədə Trend ə Britaniyanın qeyri-hökumət təşkilatı olan LINKS-in təmsilçisi Finli Makdonald məlumat verib.
Bu gün azərbaycanlı deputatlar Bukingem sarayında şahzadə Endrü, York hersoqu ilə görüşəcəklər. Bukingem sarayının mətbuat xidmətinin rəhbəri Eddi Perkinsin verdiyi xəbərə görə, görüşdə əsas müzakirə predmeti ticarət və investisiya məsələləri olacaq. "Şahzadə Endrü iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına xüsusi önəm verir"- deyə o vurğulayıb.
Şahzadə Endrü Birləşmiş Krallığın beynəlxalq ticarət və investisiya üzrə xüsusi nümayəndəsidir. Şahzadə Endrü Kraliça II Yelizavetanın ikinci oğludur və şahzadə Çarlzın kiçik qardaşıdır.
Azərbaycanlı parlamentariləri həmçinin Böyük Britaniya parlamentinin beynəlxalq əlaqələr üzrə xüsusi komitəsinin üzvləri ilə görüşəcəklər. Digər görüşlər bu ölkənin xarici işlər nazirliyində gerçəkləşdiriləcək. Həmçinin səfər zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparılacaq.
Azərbaycanlı deputatların Böyük Britaniyaya səfəri LİNKS-in ötən ilin avqustunda başlayan layihəsi çərçivəsində gerçəkləşir.