...

Müxalifət partiyaları dövlət başçısına yeni təklifdən ibarət müraciət ünvanlayacaq

Siyasət Materials 20 Dekabr 2007 10:10 (UTC +04:00)
Müxalifət partiyaları dövlət başçısına yeni təklifdən ibarət müraciət ünvanlayacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Beş müxalifət partiyası Azərbaycanda iqtidar, müxalifət və beynəlxalq müşahidəçilərin iştirakı ilə "Böhran qruppu"nun yaradılması təklifi ilə prezident İlham Əliyevə müraciət ünvanlayacaq. Bu barədə Trend ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib.

Beş müxalifət nümayəndəsi - ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov, AMİP təmsilçisi Əli Orucov, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu çərşənbə axşamı toplantı keçiriblər və 2008-ci il dövlət büdcəsi haqqında müzakirələr aparıblar. "Beşlər" bu qənaətə gəliblər ki, gələnilki büdcə şəffaf, investisiya və sosial yönümlü deyil, xüsusilə korrupsiya risklidir.

"Biz hesab edirik ki, ən azı 50%-dən artıq gəlirlərin büdcəyə cəlb edilməməsi, infilyasiyanın 2 rəqəmli hədlə inkişaf etməsi ölkədə iqtisadi tənəzzülə, vətəndaşların var-yoxdan çıxmasına və dövlətin iflasına səbəb ola bilər. Ona görə də bu kimi mümkün təhlükələrin qarşısını almaq məqsədilə təklif edirik ki, iqtidarı, müxalifəti və beynəlxalq qurumları təmsil edən ekspertlərdən ibarət "Böhran qrupu" yaradılsın"-deyə Cəlaloğlu bildirib.

O əlavə edib ki, "Böhran qrupu" Azərbaycanın dövlət başçısına, Nazirlər Kabinetinə öz təkliflərini, analitik təhlillərini təqdim etməli və iqtisadi infilyasiyanın qarşısının alınmasında hakimiyyətə yardım etməlidir.

ADP sədrinin sözlərinə görə, partiyaların bu təklifi ölkə rəhbərliyinə təqdim olunacaq.

Sağ təmayüllü ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti