...

Vətəndaş Həmrəyliyi partiyasının yeni sədri seçilib

Siyasət Materials 24 Dekabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı Trend , müxbir İ.Əlizadə/ Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı yenidən dörd il müddətinə partiyanın sədri seçilib. Bu barədə qərar VHP-nin bazar ertəsi Bakıda keçirilən VI qurultayında qəbul olunub.

Sədr vəzifəsinə alternativ namizəd olmayıb və qurultay iştirakçıları yekdilliklə Rüstəmxanlıya səs veriblər.

Qurultaya hazırlıq çərçivəsində, partiyanın 67 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib və 503 nəfər qurultay nümayəndəsi seçilib. Onlardan 462 nəfəri tədbirdə iştirak edib.

Qurultayda VHP sədri Sabir Rüstəmxanlının, Ali Məclisin sədri Rafiq Manaflının və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin hesabatları dinlənilib. Rafiq Manaflı yenidən partiya Ali Məclisinin sədri seçilib, Ali Məclisin tərkibi təsdiqlənib, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilib və yeni tərkibi təsdiqlənib.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il sentyabrın 26 -da bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Partiya parlamentdə üç deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti