Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının sədri Rüstəm Şahsuvarov hesab edir ki, partiyada təmsil olunmayan bir qrup şəxsin iddiası ilə, Ədliyyə Nazirliyi partiyanın möhürü və qeydiyyat sənədini onun əlindən ala bilməz.
"Çünki partiya Nizamnamə əsasında fəaliyyət göstərir və oktyabrda keçirdiyimiz qurultay, strukturlarımız legitimdir"-deyə Şahsuvarov bildirib.
AKP sədri Ramiz Əhmədov bu ilin sentyabrında vəfat edib və bundan sonra partiya sədrinin müavinləri arasında fikir ayrılığı yaranıb. Nəticədə, AKP partiya sədrinin müavinləri - Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarından ibarət iki hissəyə bölünüb. Şahsuvarovun tərəfdarları oktyabrın 14-də qurultay keçiriblər və Şahsuvarov AKP-yə sədr seçilib.
Qurbanovun tərəfdarları isə, dekabrın 23-də öz qurultaylarını keçiriblər və Qurbanov partiyanın sədri seçilib.
Qurbanov öz qurultaylarının nəticələrinə dair bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, AKP-nin Nizamnaməsinə dəyişikliklər, qurultayın protokolundan çıxarışın qeydiyyata alınması məqsədilə, Ədliyyə Nazirliyinə müraciət edəcək. Həmçinin, partiyanın möhürü və qeydiyyat sənədinin Şahsuvarovun rəhbərlik etdiyi qurumdan alınması nazirlikdən tələb olunacaq.
Şahsuvarov bildirib ki, Qurbanovun tərəfdarlarının keçirdiyi qurultay legitim deyil, çünki qurultayı çağıran təşkilat komitəsinin heç bir səlahiyyəti yoxdur. Şahsuvarovun sözlərinə görə, Ədliyyə Nazirliyinin 1994-cü ildə AKP-yə verdiyi qeydiyyat haqqında şəhadətnaməni geri almasına heç bir hüquqi əsas yoxdur.
Şahsuvarovun dediyinə görə, AKP-nin yalnız Gəncə şəhər, Bakının Nizami və Xətai rayon təşkilatlarının möhürü Qurbanovun əlindədir: "Yerdə qalan heç bir rayon-şəhər təşkilatı Qurbanovu dəstəkləmir"-deyə Şahsuvarov bildirib.
Azərbaycanda kommunist ideologiyasına əsaslanan partiya hələ "böyük oktyabr sosialist inqilabı" adlanın çevrilişdən əvvəl, 1903-cü ildə yaradılıb. O vaxt "Hümmət" adlanan partiyanın liderləri məşhur dövlət xadimləri Məşədi Əzizbəyov, Nəriman Nərimanov və digərləri olub. SSRİ dağıldıqdan sonra müstəqillik dövründə Azərbaycan Kommunist Partiyasının fəaliyyətinə 1991-ci ildə xitam verilib, 1993-cü ildə bərpa olunub.
Solçu partiya olan AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir.