Azərbaycan, Bakı, 13 fevral / " , müxbir İ.Əlizadə/ Parlamentdə müxalifəti təmsil Müsavat deputat qrupu Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. "Qanun layihəsində PKK-ya üzv olan, təbliğatını aparan, maliyyələşdirən, ümumiyyətlə bu təşkilatla hər hansı əlaqə saxlayan şəxslərin Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub" - deyə çərşənbə günü Trend ə açıqlamasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Cinayət Məcəlləsinin terrorçuluq maddəsi (214-cü maddə) əmlakı müsadirə olunmaqla 8 ildən 15 ilədək, terrorçuluğu maliyyələşdirmə (214-1-ci maddə) əmalkı müsadirə olunmaqla 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cazası nəzərdə tutur.
Türkiyə prezidenti Abdullah Gülün noyabr ayının 6-8-də Bakıya səfərindən öncə, Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanımasına dair bəyanat hazırlanması məqsədilə Milli Məclisdə birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə xüsusi komissiya yaradılmışdı. Gülün səfəri zamanı iki ölkə prezidentinin imzaladığı bəyannamədə PKK-nın terrorçu təşkilat kimi tanınması barədə müddəa olduğu bildirilmişdi.
Buna görə də Gülün səfərindən sonra Milli Məclisdə PKK-nın terrorçu təşkilat kimi tanınmasına dair ayrıca bəyanat qəbul edilməsinə ehtiyac qalmadığı bildirildi, buna görə də sözügedən komissiya da fəaliyyətini dayandırdı. Prezidentlərin imzaladığı birgə bəyannamə Milli Məclisdə təsdiq olunan zaman məlum olub ki, sənəddə Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması ilə bağlı bənd yoxdur.
Hüseynin sözlərinə görə, yeni qanun layihəsində Azərbaycanın güc strukturlarının hər il terrorçu təşkilatların siyahısını müəyyənləşdirməsi və siyahını cəmiyyətə açıqlaması nəzərdə tutulub.
"Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə ilə bağlı bütün konvensiyalara qoşulub. Amma bunun konkret təşkilatlara qarşı tətbiq olunması üçün Azərbaycanın həmin təşkilatları, o cümlədən PKK-nı terrorçu təşkilat kimi tanıması vacibdir" - deyə millət vəkili bildirib.
Onun fikrincə, hüquq mühafizə orqanlarının PKK ilə əlaqəsi olan şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi üçün Azərbaycan onu terrorçu təşkilat kimi tanımalıdır.
Qanun layihəsi baxılmaq üçün gələn həftə Milli Məclisə təqdim olunacaq.
1980-ci illərin əvvəllərində Türkiyədə yaradılan Kürd Fəhlə Patiyası (PKK) siyasi deyil, silahlı mübarizə variantını seçib. PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində 30-dan artıq insan həlak olub. Dünyanın əksər ölkələri və bir sıra beynəlxalq təşkilatlar PKK-nı terrorçu təşkilat kimi tanıyıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]