...

Azərbaycan Kosovo ilə bağlı mövqeyini dəqiqləşdirir

Siyasət Materials 13 Fevral 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı 13 fevral /" müxbir İ.Əlizadə/ Azərbaycan Kosovonun gələcək statusu ilə bağlı mövqeyini dəqiqləşdirir. "ATƏT Parlament Assambleyasının qış sessiyasında Kosovonun gələcək statusu müzakirə olunacaq. Sessiyada Azərbaycanı təmsil edəcək nümayəndə heyəti Kosovonun gələcək statusu ilə bağlı səsvermə keçirilən zaman necə mövqe tutmaqla bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparır", - deyə çərşənbə günü Trend ə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini, parlamentin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

İbrahimov qeyd edib ki, müzakirələr və səsvermə zamanı Azərbaycan nümayəndə heyətinin bitərəf qalması mümkündür.

"Bizim başqa münasibətimiz də ola bilər. Lakin bu hələlik dəqiqləşməyib", -deyə nümayəndə heyətinin sədr müavini vurğulayıb.

Millət vəkili qeyd edib ki, Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin Kosovonu Dağlıq Qarabağla eyniləşdirməyə cəhd göstərəcəyi istisna deyil. İbrahimov bildirib ki, erməni deputatları əvvəllərdə Kosovo ilə Dağlıq Qarabağı eyniləşdirməyə cəhd göstəriblər: "Lakin bunun heç bir nəticəsi olmayıb və gələcəkdə də olmayacaq. Çünki Dağlıq Qarabağla Kosovo ayrı-ayrı məsələlərdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bütün dünya Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu qəbul edir".

"Azərbaycan tərəfi hesab edir ki, Kosovo məsələsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır", -deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib.

Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, müstəqil politoloq Vəfa Quluzadə isə, hesab edir ki, Azərbaycan Kosovonunun müstəqilliyini tanımaq məsələsində tələskənliyə yol verməməlidir.

"Azərbaycan üçün ən rahatı o olar ki, Kosovonun müstəqilliyini tanımasın. Çünki biz Kosovonun müsətəqilliyini tanımaqla, ərazi bütövlüyü prinsipinə xəyanət etmiş oluruq. Ona görə də Kosovonun statusu məsələsində Azərbaycanın prinsipial mövqe tutması vacibdir. Kosovonun müstəqiliyini tanımağın Azərbaycana hansı dividendlər gətirəcəyi dərindən öyrənilməlidir", - deyə sabiq dövlət müşaviri əlavə edib.

Quluzadə qeyd edib ki, Azərbaycanın Kosovonun müstəqilliyini tanımamasını həm vilayətdə yaşayan albanlar, həm də Albaniya dövləti anlaşıqla qarşılayar: "Bütün əməkdaşlıq məsələlərini gələcəyə saxlamaq olar".

Onun fikrincə, Azərbaycanın hansı mövqe tutmasından asılı olmayaraq, beynəlxalq ictimaiyyət Kosovonun müstəqilliyini tanıyacaq. Çünki bu məsəlinin arxasında ABŞ və onun 100- dən çox müttəfiqi dayanır.

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 21-22-də Vyanada keçiriləcək.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Mvuradovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Fəttah Heydərov, Rəbiyyət Aslanova, Azay Quliyev və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İlqar Fərzəliyev daxildir.

Nümayəndə heyəti fevralın 18- də Vyanaya yola düşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti