...

Seçki Məcəlləsinin müzakirələri davam etdiriləcək - Müsavat başqanı

Siyasət Materials 15 Fevral 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, hakimiyyət seçki komissiyalarının tərkibinin dəyişdirilməsi barədə gec-tez razılığa gələcək. O, bu barədə cümə günü jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının tərkibi (18 nəfər) 6 nəfər parlamentdə çoxluq təşkil edən partiyanın, 6-sı azlıqda qalan partiyaların, 6-sı isə bitərəf deputatların nümayəndələrindən ibarət formalaşıb.

Azərbaycanın müxalifət partiyaları bu tərkibli komissiyanın hakimiyyətin nəzarəti altında olduğunu bildirərək, komissiyalarının tərkibinin dəyişdirilməsini, iqtidarın nəzarətindən çıxarılmasını tələb edirlər. Hakim Yeni Azərbaycan Partiyasında isə, hesab edirlər ki, seçki komissiyalarının indiki tərkibin dəyişdirilməsinə ehtiyac yoxdur və bu tərkib ən ideal variantdır.

İsa Qəmbərin fikrincə, hakimiyyət komissiyaların tərkibinin dəyişdirilməsi məsələsini ləngidir. O əlavə edib ki, müxalifət yenə öz mövqeyində israrlı olacaq və komissiyaların tərkibinin dəyişdirilməsi üçün sonadək mübarizəsini davam etdirəcək: "Hakimiyyət çox məsələləri əvvəlcə istisna edib, lakin sonda özü qəbul edib. Ona görə Seçki Məcəlləsinin müzakirələri davam etdiriləcək"-deyə Qəmbər bildirib.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bilidrib ki, Müsavat da daxil olmaqla, dörd partiya ötən il noyabrın 7-8-9-da Bakıda Seçki Məcəlləsinin müzakirəsinə həsr olunmuş toplantıda iştirak etmədiyi üçün, hakimiyyət nümayəndələri onların təklifləri ilə tanış deyillər və təklifləri kənarda qalıb. Mirzəyev onu da deyib ki, Seçki Məcəlləsinin müzakirələri artıq başa çatıb və martda parlamentdə müzakirəyə çıxarılacaq.

İsa Qəmbər isə, bildirib ki, Müsavat Partiyasının təklifləri parlamentə təqdim olunub və Mirzəyevə məlumdur. O, əlavə edib ki, beynəlxalq qurumların təşkilatçılığı ilə noyabrın 7-8-9-da keçirilmiş toplantını boykot etmələrinin səbəbi ora irili-xırdalı 20-dən çox partiyanın dəvət olunması idi: "Bizim iradımız o idi ki, seçki komissiyalarının formalaşmasında iştirak etməyən və buna iddiası da olmayan partiyaların həmin müzakirələrdə iştirakına ehtiyac yox idi. Müzakirələr aparıcı müxalifət partiyaları ilə aparılmalı idi" - deyə Müsavat başqanı bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti