...

"Biz Ermənistan və Azərbaycanın liderlərindən cəsarət tələb edirik" - ATƏT sədri

Siyasət Materials 22 Fevral 2008 16:06 (UTC +04:00)
"Biz Ermənistan və Azərbaycanın liderlərindən cəsarət tələb edirik" - ATƏT sədri

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir A.Qasımova/

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın Xarici İşlər Naziri İlkka Kanervanın Trend Agentliyinə eksklüziv müsahibəsi

- ATƏT-in fəaliyyətdə olan sədri kimi hansı mühüm məsələləri həll etməyi düşünürsünüz? Necə hesab edirsiniz, ATƏT-in yenidən təşkilinə ehtiyac varmı?

- Finlandiya ATƏT-də sədrliyinin prioritet şüarı - davamlılıq, əlaqə və əməkdaşlıqdır. Hədəflərimiz əsasında ATƏT-in fəaliyyət imkanlarını möhkəmləndirmək dayanır. Biz həm də mövcud danışıq mexanizmlərini işə salmaq və bütün tərəfləri münaqişələrin mümkün həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə həvəsləndirmək, bu yolla regional münaqişələrin sülh yolu ilə mümkün siyasi həlli üçün lazımı şərait yaratmağa çalışırıq.

Biz ATƏT-ə üzv dövlətlər arasında təhlükəsizlik üzrə dialoqu təkmilləşdirməklə siyasi-hərbi məsələlərdə açıqlıq, şəffaflıq və əməkdaşlığı genişləndirən regional təhlükəsizlik təşkilatı qismində ATƏT-in mövqeyini də möhkəmləndirəcəyik.

İqtisadi və ekoloji sahələrdə isə biz təhlükəsizliyi artıracaq və əsas diqqəti ATƏT regionunda dəniz və daxili su yolları ilə əməkdaşlıq üzrə ATƏT-i İqtisadi və Ekoloji Forum prosesinə yönəltməklə ətraf-mühiti mühafizə edəcəyik.

Finlandiya həmçinin insan hüquqları və əsas azadlıqlarına hörmət, qanunun aliliyinin həyata keçirilməsi və demokratik idarəetmənin möhkəmləndirilməsinə də diqqət yetirəcək. Xüsusi prioritetlərə insan alveri ilə mübarizə, dözümlülük və qeyri-ayrıseçkiliyin, xüsusilə də qaraçı və sintilərlə münasibətlərin genişləndirilməsi, həmçinin ATƏT-in bütün fəaliyyətlərinə gender elementinin daxil edilməsi aiddir.

- Beynəlxlaq vasitəçilər Ermənistan və Azərbaycanda prezident seçkilərindən öncəki dövrün irəliləyiş əldə etmək və Dağlıq Qarabağ münaqişəsi üzrə sülh müqaviləsi imzalamaq üçün çox əlverişli dövr olduğunu hesab edirlər. Bu istiqamətdə Finlandiya nə kimi addımlar ata biər? Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normalarına əsasən münaqişənin həllində sizin mövqeyiniz nədən ibarətdir?

- ATƏT-in sədri qismində Finlandiya Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli yolunda göstərdikləri davamlı cəhdlərinə tam şəkildə dəstək göstərəcək. Biz həmçinin fəaliyyətdə olan Sədrin şəxsi nümayəndəsinin fəaliyyətini də önəmli hesab edirik. Mənim xüsusi elçim Heikki Talviti də mövcud münaqişənin həlli strukturlarını dəstəkləmək və münaqişəni həlli prosesində fəal iştirak edəcək. Ancaq münaqişəni həll etmək üçün siyasi iradə tərəflərin özlərindən gəlməlidir. Biz Azərbaycan və Ermənistanın liderlərindən siyasi cəsarət tələb edirik.

- Beynəlxalq vasitəçilər Pristina ilə Belqrad arasında danışıqlar yolu ilə Kosovonın statusu ilə bağlı məsələnin həlli mümkünsüz hesab edirlər. Bunu nəzərə alaraq, siz Kosova böhranından çıxış yolunu nədə görürsünüz?

- Bildiyiniz kimi, ATƏT statusla bağlı danışıqlarda iştirak etmir. Lakin onu da əlavə edim ki, ATƏT-in fəaliyyətdə olan Sədri kimi mən bütün icmaların hüquqularının müdafiəsi naminə ATƏT-in Kosovoda fəaliyyət göstərməli olduğuna inanıram. Kosovonın əhalisinin və inkişaf edən təsisatlarının hələ də bizə ehtiyacı var. Mən ATƏT-in nailiyyətləri ilə fəxr edirəm, lakin hələ də görülməli çox iş var və mən ümid edirəm ki, biz bu mühüm işi davam etdirə biləcəyik.

- Cənubi Qafqaza səfər etməyi planlaşdırırsınızmı? Bu səfər nə vaxt baş tutacaq və siz ATƏT-in fəaliyyətdə olan Sədri və Finlandiyanın Xarici İşlər Naziri kimi hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız?

- Bəli, mən fevral ayının sonunda Cənubi Qafqaza - Ermənistan və Azərbaycana səfər etməyi planlaşdırıram. Fəaliyyətdə olan Sədr qismində səfərlərim zamanı mən adətən ATƏT-ə üzv dövlət kimi üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində bu ölkələrə ATƏT-in necə yardım edə biləcəyini müzakirə etmək üçün liderlərlə görüşürəm. Seçkilər və regional münaqişələr kimi digər mühüm məsələlər də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti