...

Azərbaycan Parlamentinə erməni terror təşkilatları ilə bağlı qanun layihəsi təqdim olunub

Siyasət Materials 27 Fevral 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral/ Trend , müxbir İ.Əlizadə/ Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupu Azərbaycanın 23 erməni təşkilatının terrorçu təşkilat kimi tanınmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb və Milli Məclisə təqdim edib. "Bura "ASALA", Erməni Soyqırmının Qisasçıları Təşkilatı, Erməni Azadlıq Hərəkatı, Daşnaqstyun Partiyası, o cümlədən qondarma "Dağlıq Qarabağ hakimiyyəti və onun sturukturları" daxildir. Bu təşkilatların əksəriyyəti Azərbaycana qarşı terror aktları törətmək üçün yaradılıb" - deyə çərşənbə günü Trend ə açıqlamasında Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Qanun layihəsi dörd maddədən ibarətdir.

Hüseyn qeyd edib ki, "Erməni terror təşkilatları haqqında" qanun layihəsinin hazırlanmasında məqsəd Azərbaycanın terrorçuluqla mübarizəsində əlavə hüquqi təminat yaratmaqdır.

"Azərbaycanın terrorçuluqla mübarizədə geniş qanunvericilik bazası var. Eyni zamanda, Azərbaycan terrorçulaqla mübarizədə bir sıra beynəlxalq konvensiyalara qoşulub və müxtəlif dövlətlərlə ikitərəfli müqavilələr imzalanıb. Amma bunun konkret təşkilatlara qarşı tətbiq olunması üçün Azərbaycanın həmin təşkilatları terrorçu təşkilat kimi tanıması vacibdir. Terrorçu olduğu şübhə doğurmayan və dünya tərəfindən bu formada qəbul olunan təşkilatların qanunla terrorçu təşkilat kimi tanınması hüquq-mühafizə orqanlarının onlara qarşı mübarizəsini daha da asanlaşdırar" - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, layihədə icra strukturları və hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın terrorçu təşkilat kimi tanıdığı təşkilatların siyahısı hazırlanmalıdır və hər il yenilənməlidir.

Qanun layihəsinə əsasən, erməni terror təşkilatlarına üzv olan, təbliğatını aparan, maliyyələşdirən, ümumiyyətlə bu təşkilatla hər hansı əlaqə saxlayan şəxslərin Azərbaycanın Cinayət Məcəlləsinin terrorçuluq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub.

Cinayət Məcəlləsinin terrorçuluq maddəsi (214-cü maddə) əmlakı müsadirə olunmaqla 8 ildən 15 ilədək, terrorçuluğu maliyyələşdirmə (214-1-ci maddə) əmalkı müsadirə olunmaqla 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cazası nəzərdə tutur.

Müsavat deputat qrupu terrorçuluqla mübarizə ilə bağlı Cinayət Məcəlləsinə də dəyişiklik edilməsini nəzərdə tutan layihə hazırlayıb. Layihəyə əsasən, Cinayət Məcələsinin 214-1-ci maddəsinə terror fəaliyyəti və terror təşkilatını maliyyələşdirmə sözləri əlavə olunması təklif edilir. Bundan başqa, Məcəlləyə 214-2-ci maddənin də əlavə olunması nəzərdə tutulub və bu, terror təşkilatı yaratmaq və orada təmsil olunmaqla bağlı cinayət məsuliyyətini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti