Azərbaycan, Xanlar, 04 mart / " müxbir A.İsmayılova/ Azərbaycanla ultimatumla danışmaq heç kimə uğur gətirməyəcək. Bu barədə çərşənbə axşamı Xanlar rayonunda prezident İlham Əliyev yerli əhali ilə görüşü zamanı bəyan edib.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan dövlət başçısı qeyd edib ki, Azərbaycanın hərbi potensialı möhkəmlənir və bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir göstərir.
"İşğalçı dövlət Azərbaycanın, artıq torpaqlarının işğal edilməsi mümkün olan ölkə olmadığını anlayır" - deyə prezident Əliyev bildirib.
O qeyd edib ki, münaqişənin hələ həll olunmaması - beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycanın prinsipial mövqeyinin nəticəsidir. "Separatçı qüvvələrə heç bir güzəşt olunmayacaq, biz Dağlıq Qarabağın ayrılmasına imkan verməyəcəyik" - deyə prezident bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində nizamlanacaq və Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları davam etdirmək niyyətindər, lakin eyni zamanda, ordusunu möhkəmləndirməyi davam etdirəcək.
"Bir sıra beynəlxalq təşkilatlar bizi ordunu gücləndirməyə görə tənqid edir. Bu, bizim daxili işimizdir. Zəif olduğumuz zaman heç kim bizə kömək etmirdi" - deyə prezident Əliyev əlavə edib.