...

Azərbaycan-Rusiya sərhədyanı rayonlarında 14 nəfər həbs olunub

Siyasət Materials 2 Aprel 2008 19:30 (UTC +04:00)
Azərbaycan-Rusiya sərhədyanı rayonlarında 14 nəfər həbs olunub

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan-Rusiya sərhədyanı rayonlarında iki ölkənin daxili işlər nazirliklərinin "Sərhəd" şərti adı altında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər həbs olunub. "Həbs olunanlar arasında qəsdən adam öldürməkdə təqsirləndirilərək, Binəqədi rayon Polis İdarəsi tərəfindən haqqında cinayət işi açılan və axtarışa verilən Orxan Dadaşov var", -deyə Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilib.

Dadaşov Dağıstan ərazisində yaxalanıb.

Əməliyyatlar Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, martın 25-30-da sərhədyanı Qax, Balakən, Zaqatala, Şəki, Qusar, Oğuz, Xaçmaz və Qəbələ rayonların ərazisində keçirilib.

Rusiyada axtarışda olan üç nəfər Azərbaycan ərəzisində həbs olunub. Bundan başqa, qanunsuz saxlanılan 11 ədəd avtomat silahı, 10 tapança, 38 ədəd yivli və ov tüfəngləri, 29 qumbara, 2 mina, 1 mərmi, 6500 ədəd müxtəlif çaplı patron götürülüb, ayrı-ayrı hüquqpozmalara görə, 442 inzibati protokol tərtib edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli altı cinayət faktı da aşkar olunub.

"Cinayətlərin qarşısının alınması və açılması sahəsində böyük əhəmiyyət kəsb edən əməliyyatların gələcəkdə də keçirilməsi qərara alanıb", -deyə məlumatda qeyd olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti